Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” korporasiyası ixtisaslaşmış planşetlər istehsal edəcək



“Intel” şirkəti təhsildə istifadə üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış planşetlər təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, təhsil məqsədləri üçün nəzərdə tutulmuş “Intel Education” planşetləri iki variantda əlçatandır. Hər iki qurğu təhsil proqram təminatı paketi ilə təmin edilib. Paketə elmi araşdırmalar, məlumatların təhlili və rəsm çəkmək üçün proqramlar daxildir. Bundan başqa, müəllim və təhsil müəssisələri əməkdaşlarının inzibati və təşkilati işləri üçün həllər də mövcuddur. “Intel Education” planşetlərini zərərli proqramlardan qorumaq üçün onlara “McAfee” şirkətinin “Mobile Security” adlanan antivirus proqram təminatı quraşdırılıb.

Qurğuların qiyməti haqqında məlumat hələ ki yoxdur.

10 düymlük ekranla təchiz edilmiş aparatın təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir, ikinüvəli “Intel Atom Z2460” prosessoru ilə təchiz edilib, “Android 4.0” mobil əməliyyat sistemi quraşdırılıb. Avtonom iş vaxtı 6,5 saat təşkil edir. Sözügedən modelin çəkisi 680 qramdır.
 
7 düymlük ekranla təchiz edilmiş versiyanın təsvir ölçüsü 1024x600 nöqtə təşkil edir, birnüvəli “Intel Atom Z2420” prosessoru ilə təchiz edilib, ona “Android 4.1” mobil əməliyyat sistemi quraşdırılıb, avtonom iş vaxtı təxminən 8 saat, çəkisi 350 qramdır.
Hər iki qurğu ön və arxa kameralar, daxili mikrofon və stiluslarla təchiz edilib. Planşetlərin ekranı zərbələrə qarşı dayanıqlıdır.

Emil Hüseynov




14/08/13    Çap et