Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prosessor bazarının vəziyyəti təhlil edilib



“IC Insights” analitiklərinin məlumatına əsasən, 2013-cü ildə qlobal mikroprosessor bazarında satışların həcmi 61 milyard dollar olacaq. Smartfon və planşetlər əsas artım drayveri olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, 2013-cü ildə çip istehsalçıları ötən illə müqayisədə 8% daha çox qazanacaqlar. Ötən il artım 2% olub.
Ekspertlər əsasən fərdi kompüter və serverlərdə istifadə edilən “x86” arxitekturalı prosessorların satış həcmi üzrə proqnozu aşağı salıblar. 2013-cü ilin yekununa görə əvvəllər sözügedən çiplərin bazar payı 58% səviyyəsində gözlənildiyi halda, hazırda bu göstərici 56%-dək azalıb. Bu, Amerikanın “Intel” və “AMD” şirkətləri üçün heç də yaxşı xəbər deyil. Bu şirkətlər 1980-cı ildən kompüterlər üçün “x86” prosessorların 95%-dən çoxunu tədarük edir.

Mobil telefonlarda tətbiq edilən prosessorlar satışların 26%-ni tutacaq. Bu prosessorların əksəriyyəti 32 bitlik ARM arxitekturasında hazırlanıb.

Mütəxəssislər 2013-cü ilin yekununa görə planşet prosessorlarının 3,5 milyard dollar səviyyəsində satışını gözləyirlər ki, bu da ötən illə müqayisədə 54% çoxdur. Mobil telefon seqmentində satışların həcmi 30% artaraq 16,1 milyard dollar olacaq. Beləliklə, 2013-cü ildə telefon və planşetlər üçün çiplər qlobal prosessor bazarının müvafiq olaraq 50% və 28%-nə nəzarət edəcək.

“IC Insights” analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə qlobal mikroprosessor tədarüklərinin həcmi 10% artaraq 2,15 milyard ədəd olacaq. Planşetlər üçün mikrosxemlərin istehsal həcmi 62% artaraq 190 milyon təşkil edəcək. Mobil telefon seqmentində 11% artım gözlənilir.
 
Emil Hüseynov
 




14/08/13    Çap et