Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«Azərbaycan – Yeni Media» proqramının icrasının müstəqil qiymətləndirilməsi aparılıb


Ölkəmizdə həyata keçirilən «Azərbaycan – Yeni Media»  proqramının icrasının müstəqil qiymətləndirilməsi aparılıb. Bu gün "Park İnn" otelində qiymətləndirmənin nəticələri ictimaiyyətə təqdim olunub. Təqdimatda Azərbaycan üzrə mütəxəssis Rəşad Şirinov bildirib ki, sözügedən proqram "USAİD" tərəfindən maliyyələşdirilərək "IREX" tərəfindən həyata keçirilib.
 
Layihə çərçivəsində 20 əyalət şəhərində internet mərkəzlərinin yaradıldığını vurğulayan R.Şirinov deyib ki, həmin mərkəzlərin idarə edilməsi istiqamətində QHT təmsilçiləri ilə sıx əməkdaşlıq qurulub. Onun sözlərinə görə, regionlarda yaşayan 1500-dən çox sakinə yeni media vasitələri barəsində təlim keçirilib. 
 
Ölkənin kənd poçt şöbələrində 30 internet köşkünün quraşdırıldığını və hazırda onların dövlət qurumlarının nəzarətinə verildiyini söyləyən R.Şirinov əlavə edib ki, layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən universitetlərin 10-da simsiz internet (WiFi) tələbələrin istifadəsinə verilib. Bundan başqa, 6 ali məktəbdə onlayn jurnalistika dərslərini tədris etmək üçün 7 media mütəxəssisi cəlb olunub. 199 jurnalistə yeni media vasitələri barəsində təlimlər keçirilib.
 
Sonra qiymətləndirmə ilə bağlı fikirlərini bölüşən ekspert Keti Pirç əlavə edib ki, kəndlərdə fəaliyyət göstərən poçt şöbələrində məlumat mərkəzlərinin yaradılması yerli sakinlər üçün böyük əhəmiyyət daşıyır. Kənd sakinlərinin, əsasən də gənclərin ondan istifadə etdiyini, lakin istifadəçilərin sayının az olduğunu vurğulayan ekspert buna səbəb kimi kənd yerlərində gənclərin internetə daha çox mobil telefon vasitəsilə daxil olmağa üstünlük verdiyini göstərib. Məlumat mərkəzlərinin xidmətlərindən yararlananlardan, eləcə də universitetlərdə simsiz internetdən istifadə edən tələbələrdən sorğular götürüldüyünü qeyd edən Keti Pirç respondentlərin hər birinin həyata keçirilən işlərdən məmnun qaldığını bildirib:
 
«Təlimlərin sonunda böyük sayda Azərbaycan vətəndaşı yeni media haqqında məlumatlar əldə edib. Qeyd edim ki, təlimlərimizə qədər bizimlə çalışan gənclərin müxtəlif kompüter biliklərinin olduğunu da müşahidə etmişik. Onlar artıq professional şəkildə yeni  mediadan yararlana bilirlər».
 
SEYMUR




14/08/13    Çap et