Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Qazaxıstanda Logistik Mərkəz inşa edəcək
Bakı Biznes Mərkəzində Azərbaycan və Qazaxıstan arasında “Aktau - İstehsal və Logistika Mərkəzi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, sənəd Azərbaycan tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Azərsun Holdinq”, Qazaxıstan tərəfindən isə bu ölkənin “Morport Aktau” Xüsusi İqtisadi Zonası Səhmdar Cəmiyyəti tərəfindən imzalanıb.
Memoranduma uyğun olaraq, Qazaxıstanın “Morport Aktau” Xüsusi İqtisadi Zonasında Logistik Mərkəzin tikintisi həyata keçiriləcək. “Azərsun Holdinq” tərəfindən reallaşdırılacaq layihəyə AZPROMO tərəfindən hər cür dəstək göstəriləcək.
Qeyd edək ki, Logistik Mərkəz regionun tranzit və ixrac imkanlarının genişləndirilməsinə, hər iki ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu investisiya layihəsi Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin, Azərbaycan istehsalı olan məhsulların ixrac coğrafiyasının daha da genişləndirilməsi, regionda nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yük daşımalarının artımı baxımından əhəmiyyətli olacaq.
CAHANGİR
15/08/13 Çap et