Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
«Sosial şəbəkələrdə yazılanları sahiblərinə çatdıracağıq»
Azərbaycanda çox az sayda, bəlkə də yeganə bir sahə var ki, onun mütəxəssisi 3000 manat məvacib aldığı işindən öz ərizəsi ilə çıxa bilər. Bu da sözsüz ki, informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Çünki İKT sektorunun yaratdığı geniş imkanlar daha çox vəsait qazanmağa və eləcə də öz şirkətini qurmağa imkan yaradır.
Ölkədə sözügedən sahənin prioritet elan olunması, internet istifadəçilərinin sayının artması, onlayn ticarətin genişlənməsi, xəbər saytlarının sayının çoxalması, dövlətin İT sektoruna qayğısının artması, internet infrastrukturunun yaxşılaşdırılması və onun daha da genişləndirilməsi istiqamətində fəaliyyətin ortaya qoyulması innovasiyalı iqtisadiyyatın həcminin böyüməsinə, İT ideyalarının yaranmasına və onların reallaşdırılmasına səbəb olub. Heç şübhəsiz ki, yaranmış şərait gənc İT mütəxəssislərinə geniş meydan açır. Elə buna görədir ki, ölkədə «Startup Azərbaycan» müsabiqəsi keçirildi və 6 komanda qalib seçildi. Bu qaliblərdən biri də Elşad Yusiflinin rəhbərlik etdiyi komandadır. Özünün də dediyi kimi, heç nədən yaratdıqları İT şirkəti indi qarşılarına böyük perspektiv qoyub. Bu istiqamətdə müsahibimlə danışmamışdan öncə onun özünü yaxından tanıyaq:
- 1979-cu ildə Bakıda doğulmuşam. Orta təhsilimi 254 saylı məktəbdə almışam. 7-ci sinifdən etibarən isə ovaxtkı Sumqayıt Texniki Liseyinə, indiki Dədə Qorqud Liseyinə daxil oldum və təhsilimi orada davam etdirdim. O vaxt həmin təhsil ocağı kompüter təmayüllü idi. Həmin dövrdən etibarən kompüterlərlə işləməyə başladım. Kollecdən sonra ali təhsilimi Türkiyədə aldım. Ankarada Qazi Universitetinin Kompüter və elektronika müəllimliyi fakültəsini bitirdim. Tələbəlik illərini başa vurduqdan sonra 2 il həmin universitetdə işləmişəm. Onların dəvəti əsasında universitetin kompüter mərkəzində proqramçı kimi çalışmışam. Bundan sonra daha 5 il İstanbulda fəaliyyət göstərmişəm. Bu 5 ildə də özəl şirkətlərin birində İT meneceri kimi fəaliyyət göstərmişəm. Burada əsasən internetdə reklamlarla əlaqəli proqramlar yazırdıq. Bundan sonra isə 2008-ci ildə Azərbaycana qayıdıb yenə də İT üzrə işə başladım. 5 il mobil operatorlardan birində işlədikdən sonra, yəni özümün İT ideyam gəlir gətirdiyindən sonra ərizəmlə işdən çıxdım. Bundan sonra öz şirkətimi qurdum və sırf öz işlərimlə məşğul olmağa başladım.
- Bir qədər layihəniz haqqında danışaq…
- Layihə «Nettrends» adlanır. Biz onlayn medianın monitorinqi ilə məşğul oluruq. Hazırda ölkəmizdə nə qədər xəbər saytı var, onların hamısını yaratdığımız sistemə inteqrasiya etmişik. Eləcə də bu səpkili bloqları da sistemə yönəltmişik. Hazırda 130 saytın gündəlik monitorinqi aparılır. Bu portallarda hansı xəbər çıxırsa, onlar tərəfimizdən çeşidlənir. Bunların içərisində ən çox ziyarət olunan xəbər saytları ilə yanaşı, daha az baxılan portallar da var.
Yeni saytlar olanda və ya müştərilərimizin istəyindən asılı olaraq digər internet səhifələrini də sistemə inteqrasiya edirik. Saytlarda təzə xəbərlər çıxan kimi bundan xəbərimiz olur, sistem onu avtomatik olaraq müəyyənləşdirir. Qeyd edim ki, sistemə dövlət orqanlarının rəsmi internet səhifələri də daxil edilib.
- Bəs sizin xidmətiniz nədən ibarətdir?
- Xidmətimiz də sistemin bizə verdiyi nəticə ilə əlaqədardır. Belə desək, onlayn mediada yazılan xəbərləri ünvanlarına çatdırırıq. Məsələn, biz hər hansı bir şirkətlə, firma ilə müqavilə bağlayırıq və barələrində çıxan məqalələrlə bağlı onlara məlumat veririk. Eləcə də həmin məqaləni və saytı təqdim edirik. Çünki ola bilər ki, həmin sayta şirkətdə baxmasınlar. Bundan başqa bir sıra firmalara həmin saytlar bəlli olsa da belə, lakin fiziki olaraq imkanları yoxdur ki, hər gün 20-30 sayta baxa bilsinlər, qaldı ki, 130 sayta. Ya da ki, səhər 30 sayta girib baxmaq olar, lakin gün boyu bu qədər saytı hər 1 saatdan bir izləmək mümkün deyil.
Amma bizim yaratdığımız sistem hər saatdan bir bütün onlayn medianı gözdən keçirir və yeni xəbəri, açar sözləri aşkarlayan kimi müştəriyə göndərir. Çünki firma bizimlə müqavilə bağlayan zaman açar sözləri təqdim edir. Burada firma öz adını da, markasını da, gördüyü işi də qeyd edə bilər. Hətta elə olur ki, firmalar rəqiblərinin də adlarını qeyd edirlər ki, onlar haqqında mətbuatda nə yazıldığından məlumatlı olsunlar. Xidmətimizin təməli bundan ibarətdir. Amma bir də əlavələrimiz var. Yəni ikinci mərhələdə sadəcə olaraq sözləri monitorinq etmək deyil, eyni zamanda analiz edirik. Məsələn, ayın axırında bir banka deyirik ki, sizinlə əlaqəli 200 xəbər nəşr olunub. Lakin onun neçəsi neqativ, neçəsi pozitiv, neçəsi isə neytraldır. Yəni bununla bağlı hesabat təqdim edirik ki, müştəri mətbuatla əlaqəli öz analizlərini görə bilsin.
- Siz hər kəsə eyni xidmət paketi təqdim edirsiz?
- Xeyr, xidmətimiz müştəriyə görə dəyişir. Əsasən «Qızıl paket»dir (Gold paket). Burada müştəri özünün açar sözlərini təqdim edir və ona uyğun olaraq hər gün müştəriyə yazılan məlumatlar göndərilir. Bir də hər ayın sonu bütün xəbərlərin səhifəsi göndərilir. Bu xidmətin də aylıq qiyməti 250 manatdır. Əlavə xidmətlərin isə qiymətləri müştəriyə görə dəyişir. Bura açar sözlərin analiz edilməsi daxildir. Çünki bəzi müştərilər bir sözün, bəziləri isə bir neçə sözün analiz edilməsini istəyir. Ona görə də xidmətin qiymətləri dəyişir.
Yeri gəlmişkən qeyd edim ki, biz layihəmizi yazmağa «Startup Azərbaycan» müsabiqəsi keçirilməmişdən əvvəl başlamışdıq. Təxminən 2 ilə yaxın idi ki, belə bir ideyamız var idi. O zaman başqa yerdə işləyə-işləyə öz layihəmiz üzərində də çalışırdıq. Sonra «Startup Azərbaycan» müsabiqəsi keçirildi və biz ora müraciət etmək, burada iştirakçı olmaq qərarına gəldik.
Bir qədər keçdikdən, yəni layihəmiz gəlir gətirdikdən sonra daha səmərəli fəaliyyət göstərmək üçün bütün komanda üzvləri əvvəlki iş yerimizdən çıxdıq. Vaxtımızı da öz layihəmizə sərf etdik.
- Hazırda mobil operatorlar yaxşı məvacib verən sahədir. Belə anlaşılır ki, sizin layihəniz ondan daha çox gəlir gətirir?
- Əslində, işdən çıxmağımıza əsas səbəb layihəmizin gəlir gətirməsi deyil. Çünki ondan gələn gəlir mənim iş yerində aldığım məvacibə heç çatmayıb da. Amma bizim layihənin perspektivi daha çoxdur. Gələcəyimizi daha yaxşı görürük, ona görə də işdən çıxmaqla bağlı tərəddüd etmədik. Əgər sırf bu işlə məşğul olsaq, ümid edirəm ki, ilin axırına qədər artıq əvvəlki iş yerində aldığımız məvacibdən daha çox gəlir əldə edəcəyik.
- Bəs sizin layihə indiki məqamda nə qədər gəlir gətirir?
- Layihəmiz hazırda o qədər gəlir gətirməsə də, ümumilikdə gedişat yaxşıya doğrudur. Əvvəlki iş yerində olduğu kimi gəlirim yoxdur. Amma bu gün artıq 45 şirkətlə müqaviləmiz var.
- Bildirdiniz ki, bu ilin sonuna qədər gəlirinizin artacağını düşünürsünüz. Dekabrda layihədən nə qədər gəlir götürməyinizi planlaşdırırsınız?
- Təbii ki, ilin sonuna qədər gəlirlərimiz əvvəlki işimizdən daha çox olacaq. Amma bunlar ehtimaldır. Bu səbəbdən dəqiq rəqəm demək çətindir. İşlərimiz hazırkı templə davam edərsə, yəqin ki, bir neçə ilə çox böyük bir şirkətə çevrilə biləcəyik.
- Sizin müştəriləriniz əsasən kimlərdir?
- Bizimlə daha çox firmalar, banklar müqavilə bağlayırlar. Lakin eyni zamanda müştərilərimizin arasında siyasətçilər, müğənnilər də ola bilər. Doğrudur, bu sahə ilə məşğul olanların bir çoxunun xidmətlərimizdən xəbəri yoxdur. Hələlik xidmətimizi reklam etmək üçün büdcəmiz yoxdur. İndi çox müğənni istəyir ki, saytlar ondan nə yazırsa, dərhal xəbər tutsun. Amma belə bir xidmətin də olmasından xəbərsizdir.
- Gəlir gətirən İT ideyası kimi sizin təcrübəniz bir çox gənclər üçün çox cəlbedicidir. Bu ideya necə yarandı və birinci olaraq nədən başladınız?
- Bilirsiniz, bu layihəyə qədər bizim bir neçə layihəmiz olub, lakin onlar gözlənilən nəticəni vermədilər. Bu ideyalardan biri o idi ki, xəbərləri çeşidləyək. Məsələn, mən əgər xəbər saytına girirəmsə, burada məni maraqlandırmayan çoxlu xəbərlər ola bilər. Mənsə yalnız siyasətdən oxumaq istəyirəm. Bu zaman proqram vasitəsilə girdiyim saytda digər xəbərlər silinir və yalnız mənə lazım olan məqalələr qalır. Lakin fikrimizi, istəyimizi tamamlaya bilmədik. Bundan isə hazırda üzərində işlədiyimiz ideya meydana gəldi. Qeyd edim ki, Azərbaycanda belə bir xidmət var. Amma onlar çap mətbuatını analiz edirlər və nəticələri şirkətlərə göndərirlər. Lakin İT tərəfini biz edirik. Üstəlik, onların xidməti bir qədər uzun çəkir. Yəni qəzetlərin oxunması, məqalələrin kəsilməsi, cildlənməsi və şirkətə poçtla göndərilməsi vaxt aparır. Biz isə bunu real zaman kəsiyində həyata keçiririk. Bilirsiniz ki, artıq çap mətbuatı əvvəlki populyarlığını itirməkdədir. Hazırda daha çox saytlara girilir və informasiyanı portallardan almağa üstünlük verilir.
Biz ideyamızı həyata keçirməmişdən əvvəl ilkin olaraq biznes-plan yazdıq. Həmin planı da pulu olan şəxslərə göstərdik ki, vəsait ayırsınlar, proqramı yazaq. İdeyamızı kimə göstərdiksə, heç kim bəyənmədi, heç kim yaxın durmadı. Bəlkə də inanmadılar ki, layihəmiz belə gəlir gətirə bilər. Belə olduqda, mən işdən sonra, axşamlar proqramı yazmağa başladım. Ona görə də bir qədər gecikdik. Belə olmasaydı, bəlkə də keçən ildən artıq irimiqyaslı fəaliyyətə başlayardıq. Çünki işdən sonra az-az yaza-yaza ötən ilin noyabrında proqramı başa vurdum. Yanvardan da şirkət kimi fəaliyyətə başladıq.
- Layihənizlə beynəlxalq bazara, ən azı qonşu respublikaların bazarlarına daxil olmaq fikriniz varmı?
- Öncə qeyd edim ki, Rusiyada və Türkiyədə də bu xidmətə bənzər xidmətlər var. Tam bizim xidmətin əksi olmasa da belə, müəyyən oxşar tərəfləri mövcuddur. Amma bununla belə, biz ilkin olaraq Gürcüstan bazarına daxil olmaq istəyirik. Artıq gürcü saytlarını sistemə inteqrasiya etmişik. Bu ölkədə özümüzə partnyor da tapmışıq. Onlar xidmətimizi Gürcüstanda satacaqlar. Bilirsiniz, biz proqramı elə yazmışıq ki, burada dil baryeri yoxdur. Yəni istər gürcü dilində olsun, istərsə də ingilis, rus və ya fransız olsun, onu hər bir ölkədə tətbiq etmək mümkündür. Gürcüstan bizim üçün sınaq olacaq. Burada istədiyimiz nəticəni əldə etdikdən sonra Qazaxıstana və Ukraynaya diqqət ayırmaq fikrindəyik.
- Xidmətlərinizi daha hansı səpkidə genişləndirməyi düşünürsüz?
- Planımız var ki, sosial medianın da monitorinqini aparaq. Burada nəzərdə tuturuq ki, verilən açar sözləri «Facebook» və «Twitter»də axtaracağıq. Müştərilərə deyəcəyik ki, «Facebook»da sizinlə bağlı mənfi və ya müsbət fikirlər yazırlar. Və ya yazılan fikrin özü konkret olaraq müştəriyə göndəriləcək. Qeyd edim ki, müştərilərlə müqavilə bağlayanda onların böyük əksəriyyəti sosial şəbəkələrdə «baş verənlər»lə bağlı maraqlanırlar. Ona görə də bunun proqramını yazmaqla məşğuluq.
Seymur Qasımbəyli
17/08/13 Çap et