Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyaları Universitetinə keçid balı 610 olub
Bu il ali məktəblərə qəbul olunmaq istəyənlər arasında yeni yaradılan İnformasiya Texnologiyaları Universitetinə (İTU) böyük maraq olub.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, İTU üçün dövlət tərəfindən ayrılan 60 yer uğrunda abituriyentlər arasında rəqabətli konkurs şəraiti yaranıb.
Abituriyentlərin İTU-ya minimum 610 keçid balı ilə daxil olduqlarını vurğulayan E.Nağızadənin sözlərinə görə, I qrupa imtahan verənlərin, demək olar ki, hər birinin arzusu İTU-da oxumaq olub:
“İnformasiya Texnologiyaları Universitetinə daxil olmaq üçün keçid balının minimum 610 olması, ali təhsil ocağına olan böyük marağın əsas göstəricisi kimi dəyərləndirilə bilər. Mən hesab edirəm ki, İTU-nun yeni yaranması, insanlar tərəfindən burada təhsilin yüksək keyfiyyətli qurulacağına inamın olması və eləcə də həm Azərbaycanda, həm də bütün dünya üzrə İKT sahəsinin günü-gündən inkişafı yeni universitetə marağı artıran amillərdəndir”.
SEYMUR
19/08/13 Çap et