Həmçinin, gənclərin təlabat olan ixtisaslara marağı ilə bağlı sual da cavablandırılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə əsasən, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur. Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqənin artmasına, plan yerlərinin artması isə müsabiqənin azalmasına səbəb olur.
Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuzu səviyyəsini tam ifadə edə bilməz. Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib.
Məlum olub ki, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə", III qrupda Bakı Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi" ixtisaslarına üstünlük veriblər. I, II və IV qruplarda rus bölməsində bu il abituriyentlərin seçimi Azərbaycan bölməsi ilə eyni olub. III qrupda isə rus bölməsinin abituriyentləri Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili)" ixtisasına daha çox üstünlük veriblər.