Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən sosial layihə başa çatıb
"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə əlilləri və şəhid ailələrinin "Elektron Azərbaycan" hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsinə ictimai dəstək" layihəsi başa çatıb.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, layihə çərçivəsində Bakının Səbail, Sabunçu, Suraxanı rayonlarında və Şirvan şəhərində yaşayan müharibə veteranlarının, şəhid ailələrinin, aztəminatlı vətəndaşların "Elektron Azərbaycan" hökumətinin onlayn kargüzarlıq xidmətlərindən istifadəsi ilə bağlı maarifləndirmə işləri aparılıb və onların bu sahədə problemlərinin həllinə kömək göstərilib.
Layihə çərçivəsində bir sıra QHT rəhbərləri üçün "Elektron hökumət həlləri - elektron xidmətlərə çıxış" mövzusunda 30 nəfər QHT rəhbərinə təlim keçirilib. QHT rəhbərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən pulsuz E-imza kartları və E-imza kartlarının istifadə aparatları təqdim edilib.
Layihə çərçivəsində müharibə veteranlarını, əlilləri, şəhid ailələrini və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı vətəndaşları maarifləndirmək məqsədilə dövlət qurumlarının elektron idarəetmə məlumat bazaları və bölmələri haqqında məlumat kitabı dərc edilib və paylanılıb.
Aynur Vəliyeva
22/08/13 Çap et