Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın dövlət orqanlarının saytları dağıdılmayıb
Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, dövlət orqanları saytlarının dağıdılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil. “Bununla əlaqədar bildiririk ki, gecə saat 01:30 – 02:30 radələrində, reqlamentə uyğun olaraq aparılan profilaktik tədbirlərlə əlaqədar dövlət saytlarına giriş müvəqqəti məhdudlaşdırılıb. Profilaktik tədbirlər qurtardıqdan sonra saytların işi bərpa olunub və təhlükəsizliyi yüksək standartlara uyğun təmin olunur”,- deyə rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, “Cert.gov.az” Azərbaycan dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.
Aynur Vəliyeva
22/08/13 Çap et