Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələrinin qalibləri mükafatlandırılıb


Təhsil Nazirliyi tərəfindən keçirilən IV “Elektron təhsil” və “1 şagird: 1 kompüter” Respublika müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Hər iki müsabiqə üzrə bütün layihələr onlayn qaydada təqdim edilib. Belə ki, iştirakçılar “www.musabiqe.edu.az” səhifəsindən qeydiyyatdan keçərək öz işlərini müsabiqəyə göndəriblər. Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən onlayn qaydada qiymətləndirilib.

Nazirlikdən qeyd edilib ki, “Elektron təhsil” müsabiqəsinin məqsədi Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının daha geniş istifadəsini stimullaşdırmaq və müəllimlərin bu sahəyə marağını artırmaqdır. “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli”, “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə keçirilən müsabiqəyə 781 layihə təqdim olunub. Müsabiqənin hər üç nominasiyası üzrə qaliblərə diplomlar, noutbuklar, netbuklar, printerlər və digər xüsusi mükafatlar təqdim edilib. Qaliblərlə yanaşı, müsabiqədə fərqlənmiş digər 24 iştirakçıya da müxtəlif hədiyyələr verilib.

“1 şagird: 1 kompüter” müsabiqəsinin əsas məqsədi isə Təhsil Nazirliyi tərəfindən alınmış 200 ədəd netbukun daha səmərəli istifadə etməyə hazır olan müəllimlər və məktəblər arasında bölüşdürülməsini təmin etməkdən ibarətdir. Yalnız II-VI siniflərdə dərs deyən müəllimlərin qatıldığı müsabiqəyə 206 layihə təqdim edilib. Müsabiqənin birinci mərhələsinə 140 iştirakçının layihəsi qəbul olunub.

Ekspert komissiyasının seçimi əsasında ikinci mərhələyə buraxılmış 30 layihədən 9-u qalib gəlib. Müsabiqədə qalib gəlmiş müəllimlərin sinif otağı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulacaq, noutbukla, proyektorla, elektron lövhə və şagirdlərin sayına uyğun netbuklarla təchiz ediləcək.
 
Həqiqət İSABALAYEVA




24/08/13    Çap et