Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Milli Təhlükəsizlik Agentliyi BMT-ni dinləyib


ABŞ Milli Təhlükəsizlik Agentliyi BMT-nin dinlənilməsi ilə məşğul olub. "Der Spiegel" jurnalının məlumatına görə, MTA ABŞ-ın 80 ölkədəki diplomatik nümayəndəliklərində də dinləmə mərkəzləri qurub.  
 
Jurnalın məlumatına əsasən, MTA BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahının dinlənilməsi ilə məşğul olub. Xüsusi xidmət orqanı 2012-ci ilin yayında mühafizə kodunu sındıraraq təşkilatın video-konfrans sisteminə qoşulmağa nail ola bilib. Almaniya jurnalı bu məlumatları yayarkən əlindəki Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenin məxfi sənədlərinə istinad edir.

3 həftə ərzində MTA mütəxəssisləri BMT-də keçirilən 458 video-konfransın kodunu açmağa müvəffəq olublar. Dinləmə zamanı ABŞ xüsusi xidmət orqanı müəyyən edib ki,  BMT-də casusluqla Çinin müvafiq xüsusi xidmət orqanları da məşğul olur. Dinləmələr qanunsuz olub, çünki BMT ilə indiyədək qüvvədə olan razılaşma Birləşmiş Ştatlara beynəlxalq təşkilatla bağlı hər hansı məxfi aksiyaları keçirməyi qadağan edir.   

"Der Spiegel" qeyd edir ki, bundan başqa, ABŞ-ın xarici ölkələrdəki 80-dən çox səfirlik və konsulluğunda yerli hakimiyyət orqanlarının icazəsi olmadan "SpecialCollectionService" adlı dinləmə mərkəzləri fəaliyyət göstərir. Xüsusilə bu mərkəzlərin Frankfurtda və Vyanada olması vurğulanır. Amerikalılar bu proqramları tam məxfi saxlayır, çünki bununla bağlı informasiyanın yayılması ABŞ və mərkəzlərin fəaliyyət göstərdiyi ölkələr arasında münasibətlərə çox mənfi təsir göstərə bilər, - "Cybersecurity www.cybersecurity.ru" yazır.

 




26/08/13    Çap et