Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşıb
İnkişaf etməkdə olan ölkələr siyahısında yer alan Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşıb. Sözügedən reytinqdə Çin və ABŞ lider ölkələrdir. Xatırladaq ki, bir il əvvəl Yaponiya üçüncü pillədə qərarlaşmışdı.
“ComScore” analitik şirkətinin tədqiqatına əsasən, Hindistanın internet istifadəçilərinin sayı ötən illə müqayisədə 31% artıb və hazırda 73,9 milyon istifadəçi təşkil edir.
Reytinqdə birinci pillədə Çin (348,2 milyon istifadəçi) qərarlaşıb.
Hindistanın internet istifadəçilərinin 75%-i yaşı 35-dən aşağı insanlardan ibarətdir və sözügedən seqmentdə kişilərin sayı üstünlük təşkil edir. Hindistanın təxminən 54 milyon internet istifadəçisi gündəlik öz kompüterləri və başqa texnikada axın videosunu izləyirlər və bu, ötən illə müqayisədə 27% çoxdur. Bu amil genişzolaqlı internetin yayılmasına əyani sübutdur.
Cari ilin mart ayına olan məlumata əsasən, Asiya-Sakit okean regionunda ümumilikdə 644 milyon internet istifadəçisi qeydə alınıb. Onların 54%-i Çinin payına düşür. 11.5% göstəriciyə malik Hindistan ikinci yerdə qərarlaşıb.
Emil Hüseynov
26/08/13 Çap et