Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nar Mobile” təhsil müsabiqələrinə dəstək verməyə davam edir
Təhsil sahəsinə böyük əhəmiyyət verən "Nar Mobile" mobil operatoru müxtəlif təhsil müsabiqələrinə dəstək verməyə davam edir. Bir müddət öncə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən "1 şagird - 1 kompüter" müsabiqəsinə dəstək olan "Nar Mobile" ənənəvi "Elektron təhsil" müsabiqəsinə də öz töhfəsini verib.
Qeyd edək ki, "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" bu il keçirilən müsabiqənin əsas mövzuları olub.
Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni təşviq etmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqədə tədris müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış pedaqoqlar, şagirdlər və valideynlərlə yanaşı, eləcə də pedaqoji ali təhsil müəssisələrinin tələbələri və doktorantlar da iştirak etmək hüququna malik idilər.
"1 şagird - 1 kompüter" müsabiqəsinin 9 nəfər qalibini müxtəlif hədiyyələrlə təltif edən "Nar Mobile" "Elektron təhsil" müsabiqəsində fərqlənən 24 iştirakçını da dəyərli hədiyyələrlə mükafatlandırıb.
Xatırladaq ki, ölkədə təhsilin inkişafına dəstək siyasəti çərçivəsində keçirilən müxtəlif sosial aksiyalarda aktiv iştirak edən "Nar Mobile" bu kimi təşəbbüslərə hər zaman dəstək verir.
26/08/13 Çap et