Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan dili üçün yaradılmış Linqvistik Texnologiyaların təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində tədqiqatlar aparılır


“Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi” ilə bağlı cari ilin əvvəlindən indiyə qədər “Dilmanc” layihəsi üzrə də xeyli işlər görülüb.

Belə ki, ötən müddətdə “Azərbaycan dili üçün ilk Nitqin Tanınması sistemi”, “Azərbaycan dilində Mətnlərin Səsləndirilməsi sisteminin daha təkmil versiyası”, “Azərbaycanca-rusca və əksinə Maşın Tərcüməsi sisteminin təkmilləşdirilmiş versiyası”, “Söz-formalar elektron lüğətlər sisteminin bazası” genişləndirilərək istifadəyə verilib. Bundan başqa, gözdən əlillər üçün 100 ədəd mini-kompüterə kompüteri səslə idarəetmə sistemi yazılaraq paylanılıb.

Bu barədə məlumat verən “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayevin sözlərinə görə, hal-hazırda Azərbaycan-ingilis, Azərbaycan-rus və əksinə Sinxron Tərcümə proqramının yaradılması üzrə işlər davam etdirilir: “Eyni zamanda Azərbaycan dili üçün yaradılmış Linqvistik Texnologiyaların təkmilləşdirilməsi və yenilərinin yaradılması istiqamətində də tədqiqatlar aparılır.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamı ilə əlaqədar olaraq Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsinin təmin edilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində işlər  davam etdirilir”.
 
 
Həqiqət İSABALAYEVA
 




26/08/13    Çap et