Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Federal Təhqiqatlar Bürosu xəbərdarlıq edib: “Android” istifadəçiləri ehtiyatlı olmalıdır”


 Smartfon və planşetləri “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən milyonlarla istifadəçiyə qarşı virus yaradıcıları tərəfindən hücum təhlükəsi var. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanan hesabatda deyildiyinə görə, ən populyar mobil platforma açıq arxitekturası və böyük bazar payı səbəbindən hakerlərin əsas hədəfi olaraq qalmaqdadır.

“Android” qurğularının 44 faizi hələ də 2011-ci ildə buraxılmış “Gingerbread” adlı 2.3.3-2.3.7 versiyalarda işləyir və təhlükəsizlik sistemində sonrakı versiyalarda aradan qaldırılan bir sıra boşluqlara malikdir”, - hesabatda qeyd olunub.

ABŞ dövlət orqanlarının nümayəndələri vurğulayırlar ki, “Android” aktual vəziyyətdə saxlanılmalıdır, çünki federal və yerli hakimiyyət orqanları hələ də tez-tez “Google” əməliyyat sistemindən istifadə edirlər. FTB nümayəndələri bildirirlər ki, əks halda bu platformalı qurğular asanlıqla virusa yoluxa bilər.

“Android”in 4.3 (Jelly Bean) nömrəli ən son versiyası daha təhlükəsiz hesab edilir. Xüsusilə bu versiya quraşdırılan əlavələri zərərli kodun olması üçün skan etməyə imkan verir. Bununla belə, bu versiya ilə işləyən qurğuların sayı hələ ki azdır.    

“IDC” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə “Android”in bazar payı 79,3 faiz təşkil edir. Populyarlığına görə ikinci yerdə qərarlaşan “iOS” sisteminin payı 13,2 faizə bərabərdir. “Windows Phone” 3,7 faizlə üçüncü yeri tutur, - “Vesti www.vesti.ru” yazır.




27/08/13    Çap et