Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Facebook”u məhv etmək istəyir (VİDEO)
“YouTube” videohostinqində “Anonymous” haker qruplaşması adından çəkilmiş videoçarx yerləşdirilib. Çarxda bildirilib ki, qruplaşma 2011-ci il noyabr ayının 5-də “Facebook” sosial şəbəkəsini məhv etmək niyyətindədir. Çarx müəllifləri iddia ediblər ki, sosial şəbəkə fəaliyyət göstərmək hüquqlarına malik deyil. Onlar səbəb kimi, sosial şəbəkələrin istifadəçilərin şəxsi həyatına müdaxilə etdiyini göstərib. Qruplaşma “Facebook”u istifadəçilərin şəxsi məlumatlarını, hətta hesabın silinməsindən sonra belə saxlaması və onları informasiya təhlükəsizliyi ilə məşğul olan hökumət və şirkətlərə verməsi ilə ittiham edir.
Qeyd edək ki, çarx “YouTube” videohostinqində iyul ayının 16-da yerləşdirilib, lakin yalnız avqust ayında populyarlıq toplaya bilib; çarxa 400 mindən çox istifadəçi baxıb. Çarxı “YouTube”-da “Facebook Operation” ( "Facebook əməliyyatı") ləqəbli istifadəçi yerləşdirib. İstifadəçinin profilində 32 yaşının olduğu və Əfqanıstanda yaşadığı qeyd edilib. O, qeydiyyatdan hostinqdə çarxı yerləşdirən gün keçib. “Anonymous” qruplaşması dəfələrlə həyata keçirdikləri əməliyyatlarla bağlı məlumat verib. Amma "Facebook əməliyyatı" ilə bağlı məlumatın əsassız ola bilmə ehtimalı da var. Çünki “Anonymous” mikrobloqunda sosial şəbəkə barəsində hakerlərin planları haqqında heç bir məlumat yoxdur.