Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

S.Müslümov: “Yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə gətirib çıxarıb”


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mingəçevir şəhər şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
 
 Bu münasibətlə keçirilən tədbirdə DSMF sədri Səlim Müslümov son illər fondun maddi-texniki bazasının tamamilə yenidən qurulduğunu, 74-dən yuxarı yerli şöbəsində yeni ofis binalarının tikildiyini və əsaslı təmir edildiyini, müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerlərinin yaradıldığını, “incə müştəri” sistemli 2200 kompüteri əlaqələndirən yerli lokal şəbəkələr mərkəzinin informasiya sisteminə birləşdirilərək korporativ şəbəkənin formalaşdırıldığını bildirib.
 
Yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə,  sığorta-pensiya sistemində vətəndaş - məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə gətirib çıxarıb.
 
 Fond sədri nəzərə çatdırıb ki, artıq 11 iyul 2013-cü il tarixdən etibarən Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Ötən 2 aya yaxın vaxt ərzində 200-dən artıq vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin olunub və onların arasında Mingəçevir şəhərində yaşayan insanlar da var.
 
Həqiqət İSABALAYEVA




27/08/13    Çap et