Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələn il Bakıda elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı Gənclər Forumu keçiriləcək
"Gənclərin qərar qəbulu və siyasətin həyata keçirilməsində iştirakı" üzrə birgə layihəyə əsasən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərərfindən oktyabr ayında keçiriləcək ölkənin ilk Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransını təşkili çərçivəsində Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu-York Qərargahına rəsmi səfəri davam edir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik və BMT-nin İnkişaf Proqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu-York Qərargahında hazırda rəsmi səfərdədir.
Nümayəndə heyəti ilk olaraq BMT-nin İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini Peter Launski-Tieffental ilə görüşüb.
Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır.
Nümayəndə heyəti eyni zamanda BMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə Elçisi Əhməd Əlhəndavi ilə görüşüb. Gənclər üzrə Elçi Azərbaycanda "Gənclər siyasəti"nin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və "Gənclər üzrə Dövlət Proqramı"nı dövlətin gənclərə qayğısı kimi qiymətləndirib.
Əhməd Əlhəndavi BMT-nin Gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı Azərbaycanda həyata keçirilən "Gənclər siyasəti"ni, gənclər təşkilatları və "Gənclər Evləri"nin fəaliyyətini əyani müşahidə etmək üçün Əlhəndəvini Azərbaycana dəvət edib. Səmimi və dostluq şəraitində başa çatan müzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb.
Xatırladaq ki, dörd günlük konfrans Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək.
Qeyd edək ki, Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik etmiş və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək.
Həqiqət İSABALAYEVA
28/08/13 Çap et