Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkdilli dövlətlərin İT sahibkarları bir araya gələcək


Bu ilin sentyabr ayında “Türkdilli dövlətlərin ixracyönümlü məhsullarının I Sərgisi” və “Türkdilli dövlətlərin II Biznes Forumu”nun keçirilməsi planlaşdırılır. Bu barədə "ICTnews.az"-a Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib.
 
Məlumatda bildirilir ki, sözügedən tədbir Türkiyənin İstanbul şəhərində  reallaşacaq və burada digər sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən sahibkarlar da iştirak edə bilərlər. 
 
Qeyd edək ki, Biznes Forumla paralel olaraq, “İstanbul TOBB Plaza”da Türkdilli Dövlətlərin Biznes Şurasının 2-ci iclasının  keçirilməsi də  nəzərdə tutulub. Əsas məqsəd Türkdilli Dövlətlər arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsi, diversifikasiyası, uzunmüddətli yatırımlar platformunun yaradılması istiqamətində fikir mübadiləsinin aparılması və  əməli təkliflərin ərsəyə gəlməsidir.
   
İclasda  Türkiyə İqtisadiyyat naziri Zafer Çağlayanın, TOBB prezidenti Rifat Hisarcıkoğlunun  və ASK-nın  prezidenti Məmməd Musayevin çıxışı  nəzərdə tutulub. Türkdilli Dövlətlər Şurasının İnvestorlar üçün mükafatının şirkətlərin nümayəndələrinə təqdim edilməsi də  ön plandadır. İştirakçıların yol və mehmanxana xərclərindən başqa bütün təşkilati məsrəfləri TOBB öz üzərinə götürüb. 
 
SEYMUR




28/08/13    Çap et