Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə hazırlanan müvafiq göstəricilər üzrə müzakirələr aparılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RITN) "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə tədbirlərin icrasını davam etdirir. Görülən işlərin bir istiqaməti də Tədbirlər Planında yer alan "İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi bəndi" üzrə həyata keçirilir.
Bu bəndə müvafiq olaraq, cari il ərzində Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təsdiq olunmuş İKT üzrə hesabat formalarının təkmilləşdirilməsi məqsədilə rəsmi statistik hesabat formalarına dair təkliflər hazırlanaraq DSK-ya təqdim olunub. 2012-ci ilin yekunlarına görə, ölkədə İKT-nin tətbiq səviyyəsinin ölçülməsi üçün DSK tərəfindən cari ilin fevral-mart aylarında ev təsərrüfatlarında informasiya-kommunikasiya texnologiyalarından istifadəyə dair seçmə müşahidə keçirilib və müşahidənin nəticələrini əks etdirən "Azərbaycanda informasiya cəmiyyəti 2013" məcmuəsi nəşr olunub.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ölkələrin İKT statistikalarının beynəlxalq statistikaya uyğunlaşdırılması, MDB ölkələrinə bu sahədə köməkliklərin göstərilməsi, qarşılıqlı təkliflərin öyrənilməsi və müzakirələrin aparılması məqsədilə cari ilin 24-26 aprel tarixlərində Naxçıvan şəhərində "Rabitə/İKT göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması" adlı Regional seminar keçirilib.
Hazırda İKT üzrə statistikanın beynəlxalq statistikaya uyğunlaşdırılması məqsədilə beynəlxalq təşkilatlar tərəfindən hər il doldurulması üçün təqdim olunan, lakin doldurulması mümkün olmayan göstəricilər hazırlanaraq 21.06.2013-cü il tarixli RİTN-MİŞ-6/1990 saylı məktubla DSK-ya təqdim olunub. Bu istiqamətdə birgə müzakirələr aparılır.
Həqiqət İSABALAYEVA
29/08/13 Çap et