Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Milli Elmlər Akademiyasında “Kompüter dilçiliyi” monoqrafiyası nəşr edilib


Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda “Kompüter dilçiliyi” monoqrafiyası nəşr edilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, əsərin müəllifi institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Məsud Mahmudovdur. Kitab kompüter dilçiliyinin yaranma səbəbləri, mahiyyəti və sahələrindən bəhs edir.

Nəşrdə Azərbaycan dilinin milli korpusu və onun tərkib hissələri olan statistik lüğətçilik, maşın tərcüməsi və formal linqvistik təhlil alqoritmləri hərtərəfli şərh olunur. Yeni nəşr alim, tələbə, magistr və doktorantlar üçün nəzərdə tutulub. M.Mahmudovun bildirdiyinə görə, monoqrafiyadan nəzəri və tətbiqi dilçiliyin aktual problemləri və ən yeni sahələri ilə maraqlananlar istifadə edə bilər.

"Elm və təhsil" nəşriyyatının məhsulu olan kitab 9 fəsildən ibarətdir, redaktorları AMEA-nın müşaviri, akademik Ağamusa Axundov və Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru İlham Tahirovdur. AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri tərəfindən əsərə müsbət rəylər verilib.

Monoqrafiya “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə müvafiq qaydada yazılıb. Müəllifin sözlərinə görə, kitab sənəddə Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi məqsədilə nəzərdə tutulan internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi-linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi işinə layiqli töhfədir.
 
 
Həqiqət İSABALAYEVA




30/08/13    Çap et