Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət orqanları ehtiyat kadrlar barədə müvafiq məlumatları elektron qaydada necə əldə edə bilərlər?


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya “Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi” elektron xidmətinin istifadə qaydalarını açıqlayıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət dövlət orqanlarında yaranan vakant vəzifələrə kadr seçimi zamanı komissiyanın ehtiyat kadrlar siyahısında olan şəxslər barəsində məlumatların verilməsi üçün istifadə edilir. Xidmətdən yalnız dövlət orqanlarının kadr qurumları istifadə edə bilərlər.

Xidmətdən istifadə etmək üçün komissiyanın saytında yerləşdirilən “Elektron xidmətlər” bölməsinin istifadəçisi kimi qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur.  İstifadəçi identifikasiyadan keçdikdən sonra axtarış sahələrinə daxil edilən informasiyadan asılı olaraq komissiyanın ehtiyat kadrlar siyahısından məlumatlar ona təqdim olunur.

Məlumat almaq istəyən istifadəçi əgər hər hansı bir sorğu məlumatını formata uyğun daxil etməyibsə və ya qeyri-dürüst məlumat daxil edibsə, sorğunun yerinə yetirilməsindən imtina olunur və istifadəçiyə imtinanın səbəbi barədə dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra istifadəçiyə ehtiyat kadrlar barədə müvafiq məlumatlar təqdim olunur.

Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR

 




31/08/13    Çap et