Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un beynəlxalq auditini “KPMG” şirkəti 120 günə həyata keçirəcək


Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un beynəlxalq auditini Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olan “KPMG” şirkəti həyata keçirəcək.

Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, artıq qalib auditor şirkəti ilə “Azərpoçt”un 2011-2012-ci illərdə fəaliyyətinin beynəlxalq standarta uyğunluğunun auditini aparmaq üçün müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, şirkət auditi 120 gün ərzində başa çatdırmalıdır. Müqavilənin dəyəri 68,284 min manat təşkil edir, “KPMG” şirkəti 80,13 bal toplayaraq qalib gəlib. Tenderdə “KPMG” şirkəti ilə yanaşı, “Moore Stephens” şirkəti də iştirak edib, lakin bu şirkət daha yüksək qiymət (94, 499 min manat) təklif etdiyi və daha az bal (75,8 bal) yığdığı üçün qalib olmayıb.

Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib. Layihə Dünya Bankı tərəfindən idarə edilir.

Aynur Vəliyeva




02/09/13    Çap et