Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ULTEL” İP-TV xidməti üçün yeni qoşulma və istifadə tarifləri tətbiq edir
Sentyabr ayından başlayaraq “ULTEL” şirkəti İP-TV xidməti üçün (133 TV kanalı) yeni qoşulma və istifadə tariflərinin tətbiqinə başlayıb. “ICTnews” elektron xəbər xidmətinin şirkətin saytına istinadən verdiyi məlumata görə, istifadəçilərə 3 tarif paketi təqdim edilib: “1-ci tarif paketində ilkin ödəniş 10 manat, aylıq istifadə haqqı 1-ci il ərzində 10 manat, 2-ci ildən başlayaraq 4 manat, 2-ci tarif paketində ilkin ödəniş 55 manat, aylıq istifadə haqqı 4 manat, 3-cü tarif paketində isə ilkin ödəniş 89 manat, 1-ci il ərzində ödəniş aparılmamaqla 2-ci ildən etibarən aylıq istifadə haqqı 4 manat təşkil edir”.
İP-TV xidmətinə 1-ci tarif paketi ilə yalnız telefonun abunəçisi şəxsən qoşula bilər və bu xidməti istifadə edib-etmədiyindən asılı olmayaraq ən azı ilk 12 ayın xidmət haqqını ödəməlidir. Sözügedən xidmətə 2-ci tarif paketi ilə qoşulanlar isə bu xidməti istifadə edib-etmədiyindən asılı olmayaraq ən azı ilk 6 ayın xidmət haqqını ödəməlidir.
İP-TV xidmətinin qoşulması üçün zəruri olan Set-top-Box televiziya qurğusu “ULTEL” tərəfindən təmin edilir.
Qeyd edək ki, internet istifadəçisi olmayan şəxs İP-TV xidmətinə qoşulmaq istədikdə, şirkət texniki imkanlığı araşdırır. ADSL üzərindən qoşulma üçün texniki imkanlıq olduqda 10 manat, Ethernet üzərindən qoşulma üçün texniki imkanlıq olduqda smeta ilə müəyyən olunan birdəfəlik qoşulma haqqı istifadəçi tərəfindən ödənilməlidir. Bundan başqa zəruri olan son avadanlıq (modem, router, switch və s.) istifadəçi tərəfindən təmin edilməlidir.
CAHANGİR
03/09/13 Çap et