Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın radio və televiziya kanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlanılıb
Azərbaycanın radio və televiziya kanallarında ədəbi dilin qorunması ilə bağlı monitorinqlərə başlanılıb. AMEA-dan verilən məlumata görə, monitorinqin təşkili üçün artıq mütəxəssislərdən ibarət İşçi Qrup da yaradılıb.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" üzrə İşçi qrupun sədr müavini, AMEA Dilçilik İnstitutunun əməkdaşı, professor Həbib Zərbəliyev bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə televiziya və radio kanallarının inkişaf tarixi onların Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynadığını göstərir. Mütəxəssislərin hansı televiziya və ya radioda monitorinqlər keçirəcəyi ilə bağlı Monitorinq qrupunun müəyyən olunduğunu söyləyən professor monitorinqlərdən sonra nəticələrin məlum olacağını, sistemləşdiriləcəyini və Azərbaycan dilinin tələblərinin pozulma hallarının müəyyənləşdiriləcəyini qeyd edib:
"Bundan sonra monitorinqin nəticələrindən asılı olaraq, sentyabrın sonlarında Milli Televiziya və Radio Şurasının nümayəndələrinin müəyyənləşdirdiyi aparıcılara treninqlər keçiriləcək".
H.Zərbəliyev bildirib ki, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və onların mövcud problemlərinin aradan qaldırılması məqsədi ilə televiziya və radio kanallarında monitorinqlər mütəmadi olaraq aparılacaq. Bir qrup aparıcı monitorinq edilərək müvafiq treninqlərə cəlb olunduqdan sonra digərlərinin fəaliyyəti monitorinq ediləcək.
Qeyd edək ki, monitorinqin nəticələri iki həftədən sonra məlum olacaq.
Həqiqət İSABALAYEVA
03/09/13 Çap et