“Google” Londonda nəhəng mənzil-qərargahın inşasına başlayır
“Google” London hakimiyyətindən şirkətin Avropadakı fəaliyyətini əlaqələndirəcək nəhəng ofisin tikintisi üçün icazə alıb. Britaniya mətbuatı qeyd edir ki, hazırda London hökuməti şəhərsalma siyasətini yenidən nəzərdən keçirir və “Google” icazəni vaxtında ala bilib.
Şirkətin Avropada yerləşəcək yeni mənzil-qərargahı 85,5 min kvadratmetr əraziyə malik olmaqla Londonun Kinqs-Kross rayonunda yerləşəcək. Gələcəkdə şirkət əksər Avropa əməliyyatlarını burada keçirməyi planlaşdırır. London meriyasının nümayəndələri bildirirlər ki, “Google”un Londonda tikiləcək mənzil-qərargahının layihəsi maliyyə böhranından sonra şəhər üçün ən nəhəng layihələrdən biridir.
Xatırladaq ki, bir müddət əvvəl hazırda gələcək Avropa mənzil-qərargahı axtarışında olan “Skype”, “Oracle” və “Amazon” şirkətləri də Londonda məskunlaşmaq istəyini ifadə ediblər.
Hazırda “Google” Londonda Viktoriya və Holborn rayonlarında yerləşən 2 ofisə malikdir və burada çalışan işçilər yeni ofis hazır olandan sonra ora köçəcəklər. Bununla yanaşı, şirkət gələcəkdə də Mançesterdə kiçik nümayəndəlik saxlamaq niyyətindədir.
Tikintisi 2016-cı ildə başa çatdırılacaq “Google”un Londondakı yeni ofisinin dəyəri 1 milyard dollar təşkil edəcək. Bina bir-biri ilə birləşmiş 2 kompleks olmaqla müvafiq olaraq 7 və 11 mərtəbədən ibarət olacaq, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.