Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirin ABŞ səfəri başa çatıb


Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 3-5 sentyabr tarixlərində ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.
 
Nazirin Amerika Birləşmiş Ştatlarına səfəri əlamətdar hadisələrlə yadda qalıb.
 
Belə ki,  Rabitə və İnformasiya Texnologiyaları və  Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə  çıxarılan  və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub. Qətnamə layihəsi Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev tərəfindən assambleya üzvlərinə təqdim edilib.
 
 
Qətnamə layihəsinin müzakirəsi zamanı Baş Assambleyanın sədri Vuk Yeremiç və BMT-in Baş katibinin  İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo çıxış edərək Azərbaycan təşəbbüsünü dəstəkləyiblər.
 
 
4 sentyabr tarixində  BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən  98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib.
 
BMT Baş katibinin  İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub. ABŞ Dövlət Departamentində Beynəlxalq  Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinator, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.
 
Bundan başqa, nazir ABŞ-ın "ITT Exelis" qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və "Futron" şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.
 
4 sentyabr tarixində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə "UN Plaza" mehmanxanasında Azərbaycan gecəsi təşkil olunub, tədbirdə BMT yanında akkreditə olunmuş diplomatik korpusun, Azərbaycan və yerli diasporların nümayəndələri iştirak ediblər.
 
 
Tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev də iştirak edib.




07/09/13    Çap et