Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüseyn Bağırov: “Quraşdırılmış avadanlıqlar vasitəsilə hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır”


İqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri aparılıb.
 
Quraşdırılmış avadanlıqlar vasitəsilə Kür çayının mənsəbində səviyyə tərəddüdünü və Kiş çayında sel axınlarını, o cümlədən Şahdağ Milli Parkının Kaboş zirvəsində və Ləzə məntəqəsində yüksək dağlıq ərazilərin hava şəraitini real vaxt rejimində izləməyə imkan verən videogörüntülər alınır. Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov YAP-a müsahibəsində məlumat verib.
 
Nazirin sözlərinə görə, meteoroloji şəraitin və buzlaqların dəqiq müşahidəsi, flora və faunanın dərindən öyrənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar 2008-ci ildə Qusar rayonunun ərazisində Qafqazda ən yüksək dağlıq “Kompleks hidrometeoroloji və ekoloji tədqiqat elm Mərkəzi” yaradılıb. Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərinin tədqiqi məqsədilə mərkəzdə 3 avtomat meteoroloji stansiya qurulub, bütün kompleks alternativ enerji ilə təmin olunub, VSAT sistemi qurulmuş, peyk vasitəsilə internetlə təchiz edilib.
 
 
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə tədbirlər haqqında” sərəncamlarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin kiçik lokal mənbələrdən çirklənməsinin qarşısının alınması məqsədilə Abşeron yarımadasının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan Mərdəkan, Buzovna, Bilgəh, Nardaran, Pirşağı, Novxanı və Sumqayıtın 90 kilometrə yaxın sahilboyu ərazilərində ümumilikdə gündə 6400 m3 çirkab sutəmizləmə gücünə malik beynəlxalq standartlara cavab verən modul tipli təmizləyici qurğulardan ibarət 17 stansiya istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb: “Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən təmizlənərək dənizin dərinliyinə axıdılır.
 
Nəticədə, aparılan monitorinqlər qısa zaman ərzində həmin ərazilərdə Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.
 
Regionda ən az şirin su ehtiyatına malik olan ölkəmizdə gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi, həmçinin Salyan və Qaradağ rayonlarının ərazilərində yaşıllaşdırma tədbirlərinin effektivliyinin, o cümlədən suvarma imkanlarının artırılması və müxtəlif çeşidli keyfiyyətli əkin materialları ilə təminatın yaxşılaşdırılması məqsədilə infrastruktur imkanları gündə 20 min m3 olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 m3 gücündə avadanlıq quraşdırılmış Dəniz suyunun duzsuzlaşdırılması zavodu və müasir tinglikdən ibarət kompleks inşa edilib”.
 
Həqiqət İSABALAYEVA




09/09/13    Çap et