Müəllimlər “www.e-gov.az”-da daha sadə yolla qeydiyyatdan keçəcəklər
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) göstərilən xidmətlərin daha da yüksəldilməsi məqsədilə ictimaiyyətdən, əhalinin ayrı-ayrı nümayəndələrindən daxil olan sorğu, istək və təklifləri nəzərdən keçirməklə, məqbul və faydalı variantlar əsasında təkmilləşdirmə işlərini davam etdirir.
MHM hazırda daxil olan rəy və təklifləri dəyərləndirərək, “
www.e-gov.az” portalından istifadə imkanlarının genişləndirilməsi və portala qeydiyyat prosesinin sadələşdirilməsi üzərində işlərə başlayıb. Həyata keçiriləcək növbəti yenilik isə bu dəfə təhsil sahəsində çalışanları əhatə edəcək. Artıq MHM-də qeydiyyat prosesi üçün tələb edilən sənədlərin minimallaşdırılması ilə bağlı araşdırma işlərinə başlanılması üçün müvafiq tapşırıqlar verilib. Araşdırmanın yekunu olaraq, müəllimlərin daha sadələşdirilmiş formada qeydiyyatdan keçməsi məsələsi həllini tapacaq.
Belə ki, “Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən “Müəllimlər haqqında məlumatlar” elektron xidməti təqdim olunmaqdadır. MHM qeydiyyat sistemini bu xidmətlə əlaqələndirməklə tələb olunan sənədləri müraciət edən istifadəçinin müəllim olduğunu təsdiqləyən sənədlə əvəz etməyi nəzərdə tutur.
Qeyd edək ki, “Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçilərə kod və parolların internet vasitəsilə verilməsi” xidmətinə əsasən, hazırda istifadəçilərə kod və parolların internet vasitəsilə verilməsi üçün onlayn müraciət qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir.
İstifadəçi “Elektron hökumət” portalına daxil olmaq üçün kod və parolu heç bir yerə müraciət etmədən internet vasitəsilə əldə edir. İnteraktiv və ödənişsiz formada həyata keçirilən bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və Dövlət Sosial Sığorta şəhadətnaməsi daxildir. Sözügedən sənədlərin təqdim olunma formasına gəlincə, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodu daxil edilir; sürücülük vəsiqəsinin seriya nömrəsi daxil edilir; ümumvətəndaşlıq pasportu - xarici pasportun seriya nömrəsi daxil edilir. Eyni zamanda Dövlət Sosial Sığorta şəhadətnaməsinin seriya nömrəsi daxil edilir.
“
www.e-gov.az” portalına
“Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq təklif olunan vasitələrdən biridir. Bu bölmədə fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları “Elektron hökumət” sistemi tərəfindən onlara təqdim edilən kod vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.
Digər giriş vasitələrinə isə “
RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq”, “Mobil autentifikasiya sertifikatı ilə daxil olmaq”, “Smartfon ilə daxil olmaq” bölmələri daxildir. “RİTN tərəfindən verilən e-imza kartı ilə daxil olmaq” bölməsində fiziki və hüquqi şəxslər RİTN tərəfindən onlara təqdim edilən e-imza sertifikatları vasitəsilə autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər.
“Mobil autentifikasiya sertifikatı ilə daxil olmaq” bölməsində yalnız mobil imza sertifikatlarının sahibləri autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər (smartfon və planşetlər üçün).
“Smartfon ilə daxil olmaq” bölməsində isə yalnız mobil imza sertifikatlarının sahibləri smartfon vasitəsilə QR-kodu skan edib autentifikasiyadan keçərək xidmətlərdən istifadə edə bilərlər. Burada mobil imzası olan smartfon autentifikasiya vasitəsi kimi istifadə olunur.
“Hamımızın portalı - “Elektron hökumət”in fəaliyyətinin daha səmərəli təşkili üçün Məlumat Hesablama Mərkəzi hər kəsin bu istiqamətdə təkliflərini gözləyir.
Həqiqət İSABALAYEVA