Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkə iqtisadiyyatında muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərib


Dövlət Statistika Komitəsi (DSK) iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə statistikanı açıqlayıb. Komitənin məlumatına görə, 2013-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1490,8 min nəfər olub. Onlardan 894,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596,2 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində fəaliyyət göstərib.
 
 
 
Bundan başqa, onların 22,8 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 
 
2013-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 412,7 manat təşkil edib, keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 

Həqiqət İSABALAYEVA




10/09/13    Çap et