Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Samir Şərifov: “Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin əhatəsi dövlət büdcəsinin icrasının təqribən 85-90 faizini təşkil edir”
Ölkənin maliyyə resurslarından düzgün istifadə edilməsi məqsədilə maliyyə sistemində xəzinədarlığın tətbiqinin hüquqi bazası yaradılıb. Dövlət maliyyə vəsaitlərindən istifadə olunmasının səmərəli mexanizmi formalaşdırılıb, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılması və bununla bağlı maliyyə əməliyyatlarının yalnız vahid xəzinə hesabı vasitəsilə aparılması təmin edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına görə, bununla bağlı maliyyə naziri Samir Şərifov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Nazir qeyd edib ki, dövlət büdcəsinin icrası prosesində nəzarət mexanizmi yaradılıb, büdcə prosesində borclanmanın daha mükəmməl idarə edilməsi, maliyyə resurslarından səmərəli istifadə etməklə ən vacib dövlət ödənişlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə nail olunub:
“Xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, məlumatların daha operativ emal edilməsi məqsədilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılmasına başlanılıb. Hazırda Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin əhatəsi dövlət büdcəsinin icrasının təqribən 85-90 faizini təşkil edir”.
S.Şərifov qeyd edib ki, büdcə təşkilatları ilə elektron sənəd mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemində “Dövlət Xəzinədarlığı Agentliyinin İnternet Portalı” və “Rəqəmsal Sertifikat Mərkəzi” yaradılıb. Onun sözlərinə görə, “SAP” proqram təminatının yüksək keyfiyyət və ən müasir beynəlxalq standartlara əsasən tətbiqinə görə Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi ölkələrində aparılan layihələr arasında qalib seçilərək 2012-ci il 4 noyabr tarixində İspaniya Krallığının Madrid şəhərində keçirilən “SAPPHIRE” konfransında “SAP CIS Quality Award 2012” qızıl mükafatı təqdim olunub. Dövlət büdcəsinin icrasına dair hesabatların elektron sənəd formasında təqdim edilməsi məqsədilə mərkəzləşdirilmiş hesabat sistemi tətbiq edilib və bu sistem vasitəsilə hesabatların avtomatik qəbul və emal edilməsinə başlanılıb”.
SEYMUR
11/09/13 Çap et