Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni simsiz adapter qurğusu 10 metrədək məsafədə işləyir


Daha bir İT startap iddia edir ki, elektrikin simsiz ötürülməsi sahəsində irəliləyişə nail olub. Belə ki, "Ossia" şirkəti cihazı 10 metrədək məsafədən enerji ilə doldurmağa "qadir" 2.4 QHs-lik ötürücü aparatın yaradılması haqqında danışıb. Yenilik "TechCrunch Disrupt" konfransında nümayiş olunub.

Şirkətdən bildirilib ki, yaradılmış adapter işıqsız, naqilsiz, elektromaqnit maneəsiz və divarın içindən 10 metr məsafədə təxminən 1 vatt enerji ötürməyə qadirdir. Şirkətin proqnozuna əsasən, məhsulun kommersiya versiyası 2015-ci ildə işıq üzü görəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cihazın özəlliklərindən biri də odur ki, bir ötürücü aparat vasitəsilə eyni anda 3000-dək qurğunu enerji ilə doldurmaq mümkündür.
"Ossia" şirkətinin yaradıcısı Hətəm Zayn deyib ki, adapterlərin hazırkı versiyaları 2,4 QHs tezlikdə işləyir və maksimal 4 vatt gücündə elektrik cərəyanını ötürə bilər.

Emil Hüseynov




12/09/13    Çap et