Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil operatorlar “4G” şəbəkəsini necə genişləndirəcək?



Azərbaycanın ilk “3G” operatoru olan “Azerfon” şirkəti bu il “4G” texnologiyası üzərindən xidmətlərin göstərilməsinə başlamaq niyyətində deyil.
 
Şirkətin baş direktoru Ken Maknilinin jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, hazırda şəbəkənin yaradılması üzrə işlər aparılır, lakin LTE texnologiyası üzərində qurulan “4G” şəbəkəsi bu il istifadəyə verilməyəcək.
 
“4G” texnologiyasının Azərbaycanda tətbiqi üzrə işlər 2008-ci ildən etibarən “Azercell Telekom” şirkəti tərəfindən başlanılıb.
 
Artıq 2012-ci ilin may ayından etibarən “Azercell Telekom” şirkəti ölkədə “4G” şəbəkəsini istifadəyə verib, lakin bu xidmətlər təkcə internet trafikinin ötürülməsini nəzərdə tutduğu üçün və səsli xidmətləri təqdim etmədiyi üçün, onların istifadəçilərinin sayı ötən bir ildən çox müddət ərzində o qədər də artmayıb və bir neçə min abunə təşkil edir.
 
 
“4G” şəbəkəsində  ilk səsli rabitə yaratmaq cəhdini 2011-ci ilin dekabrın 23-də “Ericsson” və “Qualcomm” şirkətləri uğurla nümayiş ediblər. Bu, bir şəbəkədə LTE şəbəkəsindən “3G/WCDMA” şəbəkəsinə qırılmasız keçid vasitəsilə zəngin edilməsi olub. Bu il şirkətlər bu xidmətləri kommersiya istifadəsinə buraxmaq niyyətindədirlər.
 
Azərbaycanın digər mobil rabitə operatoru “Bakcell” şirkəti bu texnologiyanı tətbiq etməyə hazırlaşır, lakin hazırda diqqəti daha çox “3G” şəbəkəsinin inkişafına yönəldib.
 
Dördüncü nəsil texnologiyalara aid olan LTE texnologiyası vasitəsilə mobil şəbəkələrdə məlumatların ötürülməsi sürəti 326,4 Mbit/s-dək çatır və mobil televiziya, bir sıra mobil maliyyə, təhsil, səhiyyə və digər sosial xidmətləri asanlıqla, yüksək keyfiyyətlə göstərməyə imkan verir. Bu texnologiya eyni zamanda korporativ sektorda fəaliyyət göstərən istifadəçilər üçün böyük imkanlar yaradır, belə ki, onlar dünyanın istənilən yerində böyük həcmdə faylların mübadiləsini tələb edən işləri öz mobil qurğuları vasitəsilə həyata keçirə bilərlər, videokonfranslarda iştirak edə bilər və onları təşkil edə bilərlər. 
 
Aynur Vəliyeva




13/09/13    Çap et