Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DSMF-nın mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri barədə elektron məlumatlar toplanılıb


“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanın icrası ilə bağlı görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əsas fəaliyyət istiqamətləri tam elektronlaşdırılıb.
 
 
Hazırda DSMF “Elektron hökumət” proqramının ən fəal iştirakçılarından biridir və Fondun əhaliyə təqdim etdiyi  elektron xidmətlərin sayı 21-ə çatıb. Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin sözlərinə görə, “Elektron  hökumət” portalının statistikasına əsasən, fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.
 
 
Əhalinin daha çox yararlandığı elektron xidmətlər sırasına “Pensiya kapitalı barədə məlumat”, “Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi”, “Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi”, “Pensiya kalkulyatoru”,  “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” adlı xidmətlər daxildir.  2013-cü il ərzində  “Elektron  hökumət” portalına  (www.e.gov.az) daxilolmalardan,  yəni 325 064-dən  83 778-i  Dövlət  Sosial Müdafiə Fondunun (DSMF) saytlarından  (www.dsmf.gov.azwww.sspf.gov.az)  yönlənmələrin  hesabına olub.
 
 
Bundan başqa, Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid  mərkəzdən  avtomatlaşdırılmış  pensiya  təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir və artıq 2 ay ərzində 356 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb. 
 
 
İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nın bütün orqanlarında  müasir  standartlara  cavab  verən  avtomatlaşdırılmış  iş yerləri  təşkil  olunub,  lokal  şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun  ümumi  korporativ şəbəkəsi formalaşdırılıb. DSMF-nın  mərkəzi  məlumat bazasında ölkə  əhalisinin  40  faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı  və fərdi hesab açılmış 2 milyon 581 min nəfər sığortaolunan barədə  elektron məlumatlar toplanılıb.
 
Həqiqət İSABALAYEVA




13/09/13    Çap et