Kibercinayətkarlar “bulud” texnologiyalarından istifadəyə başlayıblar
Kibercinayətkarlar internetdə ödəniş sistemi abunəçilərinə qarşı “bulud” texnologiyalarının tətbiqinə əsaslanan yeni hücum texnologiyasından istifadə etməyə başlayıblar.
Almaniyanın “G Data” antivirus şirkətinin məlumatına görə, zərərli proqram təminatı vasitəsilə virus müəllifləri istifadəçi tərəfdə aparılan ödəniş məlumatlarını ələ keçirə bilərlər. “Bulud” texnologiyasında zərərli kod elementlərinin yerləşməsi hücumların təhlilini və yeni təhlükə növü ilə mübarizə üçün effektiv alətlərin yaradılmasını xeyli çətinləşdirir.
Adətən bank cinayətkarları hücum edilən kompüterdə saxlanılan konfiqurasiyalı fayllardan istifadə edirlər. Belə fayllarda istifadəçilərin tez-tez daxil olduğu və kibercinayətkarların hücum etməyi planlaşdırdığı saytların ünvanı yer alır. Cinayətkarlar bank virusları vasitəsilə bu resurslara zərərli kod tətbiq edərək sonradan bu kodun köməyi ilə istifadəçilərin çıxış məlumatlarını və fərdi informasiyasını oğurlamağa nail olurlar.
Məlumata əsasən, bir neçə gün əvvəl “G Data” ekspertləri "ZeuS” adlandırılan məşhur bank virusunun xüsusi konfiqurasiyasını aşkar ediblər. Bu virus onunla fərqlənir ki, hücum edilən sayta bütün zərərli kodun tam tətbiqi əvəzinə virusun “Javascript” şəklində olan cüzi hissəsi istifadə olunmaqla sonradan “bulud”dan zərərli kodun qalan komponentləri yüklənir. Daha sonra hücum edilən saytdan asılı olaraq virus istifadəçidən guya təhlükəsizlik məqsədilə bank kartının məlumatlarını təkrar daxil etməyi tələb edə bilər, - “RİA Novosti
www.ria.ru” yazır.