Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitəçi” sağlamlıq düşərgəsində “Bilik günü” keçirilib
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Goradil qəsəbəsində yerləşən “Rabitəçi” sağlamlıq düşərgəsində məskunlaşan şuşalı qaçqınların birinci sinfə qədəm qoyan fidanları üçün “Bilik günü” keçirilib.
Düşərgədə yerləşən Şuşa rayon 9 saylı məktəbdə düzənlənən tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Teleradio” İB-nin rəhbərliyi, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən məktəbin direktoru Qədim Abdullayev bildirib ki, sözügedən təhsil ocağında ildən-ilə şagirdlərin sayı artır. Bu il 8 məzundan 5-nin Azərbaycanın müxtəlif universitetlərinə daxil olduğunu vurğulayan Q.Abdullayev şagirdlərin ölkə üzrə keçirilən olimpiadalarda yüksək nəticələr göstərdiyini də iştirakçılarının diqqətinə çatdırıb. Rəhbərlik etdiyi məktəbin uğurlarının hər il artdığını deyən direktor bu il 19 fidanın birinci sinfə qədəm qoyduğunu söyləyib.
Məktəbdə təhsil alan öyrəncilərin hər zaman Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən diqqətdə saxlanıldığını vurğurayan direktor bu il də siniflərin nazirlik tərəfindən təmir olunduğunu qeyd edib.
Daha sonra Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Bilik günü” münasibəti ilə şagirdləri və müəllimləri təbrik edib. Azərbaycanın günü-gündən gücləndiyini, ölkədə yeni–yeni məktəblər tikildiyini və bir çoxlarının da təmir edildiyini vurğulayan nazir müavini Şuşada da bu kimi təhsil ocaqlarının ucaldılacağına əminliyini ifadə edib.
Bu istiqamətdə aparılan böyük siyasət nəticəsində o günün yaxında olduğunu qeyd edən nazir müavini şagirdləri yaxşı təhsil almağa səsləyib: “Yüksək təhsil alın ki, sizinlə bərabər Şuşada, Qarabağda yeni-yeni quruculuq işləri ilə məşğul olaq. Bir xalqın, dövlətin gələcəyi üçün onun övladlarının yüksək təhsil alması olduqca önəmlidir. Bu gün birinci sinfə qədəm qoyanlar sabahın mühəndisi, rabitəçisi, müəllimi, həkimi və sairidir. Ona görə də onların bir mütəxəssis kimi yetişməsi üçün dövlət lazım olan bütün addımları atır”.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən məktəb ləvazimatları ilə təchiz edilmiş çantalar birincilərə təqdim olunub.
Eyni zamanda bu il ali məktəblərə daxil olan tələbələrə RİTN adından mobil telefon hədiyyə edilib.
SEYMUR
16/09/13 Çap et