Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc alimlərin III respublika innovativ ideya yarmarkası sentyabrın 20-dək davam edəcək


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin təşkilatçılığı ilə gənc alimlərin III respublika innovativ ideya yarmarkası öz işinə başlayıb. Dövlət qurumlarının, AMEA, Gənclər və İdman Nazirliyinin rəsmiləri, AMEA institutlarının direktorları, gənc alim və tədqiqatçılarının iştirak etdiyi tədbirdə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi İlqar Orucov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilən tədbirin gənclərin elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb: “Ölkə başçısı tərəfindən təsis olunmuş “Gənclər mükafatı” gənc alimlərin elmi yaradıcılıq istiqamətində inkişafını təmin etmək üçün atılmış addımlardan biridir. Həmçinin, AMEA nəzdində üç dildə dərc olunan “Gənc alimlərin əsərləri” adlı jurnal gənclərin öz elmi potensialını üzə çıxarmağa şərait yaradır”.
 
 
Ölkədə gənclərin, xüsusilə gənc alimlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görüldüyünü bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkədə elmin inkişafı üçün gənclərin elm sahəsinə istiqamətlənməsini təmin etməyin vacibliyindən danışıb.
 
 
Tədbirdə çıxış edən Prezident Aparatının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimov və AMEA Geologiya İnstitutunun doktorantı Fuad Əliyev ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şəraitin yaradılmasını dövlət tərəfindən gənc nəslə diqqətinin göstəricisi kimi qiymətləndiriblər.
 
 
AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim və doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçıların iştirak etdiyi tədbir çərçivəsində “Davamlı innovativ inkişafın elmi-strateji əsasları gənc alimlərin tədqiqatlarında”, “Elmi gəncliyə sərmayə - gələcəyə sərmayə: gənc alimlərin yeni elmi-innovativ işlərinin təqdimatları”, “Azərbaycan elmində innovativ inkişafın müasir göstəriciləri - gənc alimlərin baxışları”, “Humanitar elmlərdə innovasiya” mövzularında konfrans, seminar, elmi-innovativ işlərin təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, tədbir öz işini sentyabr ayının 20-dək “Olimpik” oteldə (Novxanı) davam etdirəcək.



Həqiqət İSABALAYEVA




17/09/13    Çap et