Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vikipediya” da yaradılmış məqalələr siyahısında 3000-lüyə daxil olmaq üçün ən azı 166 məqalə yazmaq lazımdır


“Vikipediya” – virtual ensklopediyada yaradılmış məqalələrə uyğun istifadəçi siyahısı var. Belə ki, ingilisdilli “Vikipediya”da bu siyahının başında Dr.Blofeld adlı istifadəçi durur. O, “Vikipediya” yaranan gündən bu günə kimi nə az, nə çox 94.673 məqalə yaradıb.
 
“VikiHərəkat”ın məlumatına görə, bu siyahıda 3000-lüyə daxil olmaq üçün isə ən azı 166 məqalə yazmaq lazımdır. Statistikaya görə, “Vikipediya” və onun layihələri 2001-ci ildən başlayaraq inkişaf etməkdədir. 20 milyondan artıq ensiklopedik məqaləyə malik olan bu layihə 284 dildə fəaliyyət göstərir və ona hər ay təxminən 400 milyondan artıq internet istifadəçisi müraciət edir.
 
Qeyd edək ki, hazırda “VikiHərəkat” adı altında virtual ensiklopediyanın Azərbaycanla bağlı obyektiv və dolğun məlumatlarla zənginləşdirilməsi üzərində də işlər aparılır. Azərbaycan dilində onlayn kontentin genişləndiriməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiya Nazirliyinin dəstəyi ilə icra olunur.
 
“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində 2013-cü ilin sonuna qədər davam edəcək layihənin məqsədi məhz Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir.
 

Həqiqət İSABALAYEVA




17/09/13    Çap et