Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Bump” startapını satın alıb


Qurğular arasında sürətli və asan məlumat mübadiləsi üçün "Bump"  proqramını yaratmış eyniadlı şirkət "Google" axtarış sistemi tərəfindən satın alınıb.

Sazişin qiyməti açıqlanmır, lakin analitiklər onu 30-60 milyon dollar dəyərində qiymətləndirir. Startapın ən populyar məhsulu "Bump" proqramı bir smartfondan digərinə kontakt, fotoşəkil, fayl və başqa informasiyanı ötürməyə imkan verir. Bunun üçün sadəcə onları bir-birinə ehmalca toxundurmaq lazımdır.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki,  "Bump" şirkətinin əsası 2008-ci ildə qoyulub və o vaxtdan etibarən müxtəlif investorlar tərəfindən bu startapın inkişafına 20 milyon dollar sərmayə yatırılıb. Şirkət, həmçinin qrup fotoalbomları yaratmağa imkan verən "Flock" tətbiqi ilə tanınır.
"Bump" tətbiqinin təxminən 100 milyon "iPhone" istifadəçisi var. Proqram, həmçinin "Android" platforması ilə işləyən smartfonlarda əlçatandır.

Emil Hüseynov




17/09/13    Çap et