Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Regionlarda İKT bacarıqlarının artırılması məqsədi ilə kursların təşkili davam edir
Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi də nəzərdə tutulur.
Tədbirlər Planının müvafiq bəndinə əsasən, bu dəfə kurslar Astara rayonunda təşkil olunacaq. Belə ki, rayonun orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri “Ən yaxşı informatika müəllimi” müsabiqəsi üçün İKT üzrə treninq kurslarına cəlb ediləcəklər. Layihənin məqsədi bu rayonda İKT sahəsində milli kadrların hazırlanması, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir İKT texnologiyalarının öyrənilməsində potensialının artırılmasıdır.
Tədris zamanı “İnformatika” fənni üzrə nəzəri və praktiki biliklər tədris olunacaq. Keçirilən kurslar 3 mərhələdən ibarətdir. Sonda isə biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi və sertifikatlaşdırılacağı nəzərdə tutulub.
Qeyd edək ki, 22 sentyabrdan 2 oktyabra qədər davam edəcək kurslar AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) əməkdaşları tərəfindən aparılacaq. Bu məqsədlə İTİ-nin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova sözügedən rayona ezam ediləcəklər.
Həqiqət İSABALAYEVA
18/09/13 Çap et