Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti Üzeyir Hacıbəyovun 128 illiyinə həsr olunmuş “dudl” yerləşdirib


"Google" şirkəti "www.google.az" axtarış saytında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun 128 illiyinə həsr olunmuş "dudl" yaradıb.
Saytın əsas səhifəsində yerləşdirilmiş təsvirə klik etdikdə istifadəçi avtomatik "Üzeyir Hacıbəyov" adı ilə bağlı axtarışa keçid alır.
 
Xatırladaq ki, Üzeyir Əbdül Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa yaxınlığındakı Ağcabədi kəndində anadan olub.

Bəstəkar 1907-ci ildə "Leyli və Məcnun" operası üzərində işləyib və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlayıb. O, maarifçilik sahəsində böyük rol oynayan "Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri"ni hazırlayıb, 1908-ci ildə Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan "Leyli və Məcnun" operasının ilk tamaşasını keçirib. Sonralar Ü. Hacıbəyov "Şeyx Sənan" operasını, "Ər və arvad" musiqili komediyasının tamaşasını, "Rüstəm və Söhrab" operasını, "O olmasın, bu olsun" musiqili komediyasını, "Şah Abbas və Xurşid Banu" operasını, "Əsli və Kərəm" operasını, "Arşın mal alan" musiqili komediyasını ilk dəfə səhnəyə qoyub, "Harun və Leyla" operasının librettosunu nəşr edib.  Sənətkar, eyni zamanda, Azərbaycan milli-mədəni irsinin yaradılmasında və inkişafında böyük rol oynamış bir sıra digər vacib işlər görüb.
 
 
Təəssüf ki, bu "dudl" yalnız "www.google.az" saytında aktivdir. "Google" şirkətinin Rusiya seqmenti üzrə axtarış həyata keçirən "www. google.ru" saytında isə bu gün daha bir dahi insan, fransalı fizik, mexanik və astronom Paris Elmlər Akademiyasının üzvü Jan Bernar Leon Fukoya həsr edilmiş "dudl" yerləşdirilib, bu insan məşhur "Fuko kəfkiri"ni yaradıb və Yerin fırlanmasını sübut edib.
 
Aynur Vəliyeva




18/09/13    Çap et