Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq dünyanın bir sıra ölkələrində, Azərbaycan təcrübəsi olaraq, seçki prosesində veb-kameralardan istifadə edilir


"Bu il seçki məntəqələrinin təqribən 20 faizində veb-kameralar quraşdırılacaqdır. Hazırda bu istiqamətdə xeyli iş görülüb". "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.
 
O, bildirib ki, söhbət ölkədəki seçki şəraiti mühitindən, məntəqələrin hazırlıq vəziyyətindən gedir. "Bu sahədə görülmüş işlər öz nəticəsini verib" – deyən N.Məmmədovun sözlərinə görə, artıq daimi fəaliyyət göstərən seçki məntəqələri səsverməyə tam hazırdır. Müvəqqəti əsaslarla yaradılan məntəqələrdə də hazırlıq işləri qanunvericiliyin verdiyi imkanlar daxilində və hədlərdə yüksək səviyyədə həyata keçirilməkdədir:
 
 "Hesab edirik ki, məntəqələrin bu ilki şəraiti yaxşı mənada əvvəlkilərindən fərqlənəcəkdir. O ki, qaldı aşkarlıq institutu kimi veb-kameralardan istifadə məsələlərinə, bilirsiniz ki, Azərbaycan təcrübəsi olan veb-kameralardan artıq dünyanın bir sıra ölkələrində istifadə edilir. Biz ilk olaraq məntəqələrin təqribən 10 faizində veb-kameralar tətbiq etmişdik. Bu il isə məntəqələrin 20 faizə qədərində veb-kameralar quraşdırılacaqdır. Yəqin ki, yaxın günlərdə Mərkəzi Seçki Komissiyası hansı məntəqələrdə neçə veb-kameranın quraşdırılması barədə qərar qəbul edəcəkdir".
 
 
Yeri gəlmişkən qeyd edək ki, artıq paytaxtda yerləşən 296 seçki məntəqəsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi tərəfindən kameralar quraşdırılıb. Birlikdən saytımıza bildirilib ki, seçki günü istər Azərbaycan vətəndaşları, istərsə də dünyanın digər yerlərində yaşayan insanlar Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq Azərbaycanda keçirilən seçki prosesini izləyə bilər. Qeyd edilib ki, hazırda paytaxtda cəmi 8 seçki məntəqəsinə kamera quraşdırılmayıb. Bunun da əsas səbəbi həmin məntəqələrin yerləşdiyi məktəblərdə təmir işlərinin aparılmasıdır. Lakin yaxın günlərdə təmir işləri başa çatacaq. Bundan sonra həmin məntəqələrə də kameraları quraşdırılacaq.
 
 
Seymur Qasımbəyli
 
 
 
 




18/09/13    Çap et