Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya Texnologiyalarının İnkişafı Fondunun Müşahidə Şurası fəaliyyətə başladı
Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.
İclasın açılışında iştirak edən nazir Əli Abbasov Müşahidə Şurasının üzvlərini salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir bildirib ki, ölkədə fəaliyyət göstərən ixtisaslaşmış fondlar sahibkarlığın və özəl sektorun inkişafına müsbət təsir göstərir və RİTN-in tabeliyində yaradılan fondun fəaliyyəti nəticəsində İKT sahəsi üzrə layihələrin və sahibkarların maliyyələşdirilməsi həyata keçiriləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının müzakirəsinə üç sənəd təqdim edilib:
· Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə banklar arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə forması
· Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən müvəkkil kredit təşkilatının seçilməsi meyarları
· Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqələrinin təşkili və keçirilməsi qaydaları
Müşahidə Şurasının üzvləri tərəfindən qeyd edilən sənədlərin vacibliyi vurğulanaraq sənədlərin təsdiq edilməsi üçün üzvlərin yekun rəylərinin hazırlanması tövsiyə olunub. Müşahidə Şurasının üzvlərinin iştirakı ilə keçirilən müzakirələr nəticəsində sənədlərin təsdiq edilməsi məsələsinə Müşahidə Şurasının növbəti iclasında baxılması qərara alınıb.
Tədbirdə Müşahidə Şurasının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Müşahidə Şurasının katibinin seçilməsi qərara alınıb. Belə ki, səsvermə nəticəsində Müşahidə Şurasının katibinin səlahiyyətləri nazirliyin strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin məsləhətçisi Rauf Cabbarova həvalə edilib.
Sonda fondun icraçı direktoru Elçin Zeynalov görülmüş işlər və gələcək planlar haqda iştirakçılara məlumat verdi.
Aynur Vəliyeva
18/09/13 Çap et