Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Bankı: “Azərbaycanın ədliyyə sistemində İKT-nin tətbiqi bir çox ölkələrin marağına səbəb olub”


Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, müasir infrastrukturun yaradılması üzrə genişmiqyaslı islahatlar həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları tərəfindən təqdir edilir. Belə ki, Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatlarına Dünya Bankı tərəfindən dəstək verilməklə "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə layihə həyata keçirilir.
 
Həmin sənədin icrası çərçivəsində vahid konsepsiya əsasında Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsi ilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, artıq 4 rayon məhkəməsi üçün ən müasir İKT ilə təchiz olunan yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşa olunur.
 
 
Bu layihə çərçivəsində görülən işlərin davam etdirilməsi üçün yeni, daha əhatəli layihə ilə bağlı razılıq əldə edilib. Bu məqsədlə Azərbaycana səfərə gəlmiş Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Dünya Bankı ilə səmərəli əməkdaşlığı vurğulayan nazir qeyd edib ki, birgə layihə çərçivəsində qısa müddətdə mükəmməl, əhatəli və kompleks məhkəmə-hüquq islahatları aparılıb.
 
 F.Məmmədov qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
 
H.Kerali Dünya Bankı ilə birgə həyata keçirilən layihənin nəticələrindən danışaraq bu sahədə Azərbaycanın müsbət təcrübəsini unikal nümunə kimi qiymətləndirib.
 
 O vurğulayıb ki, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlər böyük marağa səbəb olub və bundan bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər daxil olur, Azərbaycana səfər etmək niyyəti bildirilir. Qonaq, həmçinin layihənin icrasında ədliyyə işçilərinin peşəkar fəaliyyətini təqdir edib.
 
Görüşdə Azərbaycan vətəndaşlarının məhkəmə orqanlarına müraciət imkanlarının xeyli asanlaşdırılmasına xidmət edəcək yeni layihənin məqsədləri, o cümlədən infrastrukturun müasirləşdirilməsi, İKT-nin daha geniş tətbiqi, ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması və s. məsələlər müzakirə olunub, faydalı fikir mübadiləsi aparılıb.
 
SEYMUR




19/09/13    Çap et