Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Asiya regionun ən böyük 4G konfransında təmsil olunub



Asiya  regionunun ən böyük 4G konfransına Asiya və Sakit okean bölgəsinin 80-dən çox aparıcı İKT şirkətindən minə yaxın nümayəndə qatılıb. Bu mötəbər konfransa regionun "China Unicom", "NTT DoCoMo", "Singtel" və "SK Telecom"  kimi nəhəng şirkətlərin təmsilçilər də qatılıb. 

Sinqapur konfransına dəvət olunanlar arasında "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə də ilk gün keçirilən dəyirmi masada məruzə ilə çıxış edib. Stanford Universitetinin professoru və "Deloitte Konsalting"in direktoru Frank Berhadın sədrlik etdiyi dəyirmi masada Sinqapurun "StarHub" şirkətinin təmsilçisi Mock Pak Lum,  Yaponiyanın  "UQ Communication and KDDI" şirkətinin rəsmisi Fumio Vatanabe, İndoneziyanın "PT Bakrie Telekom" şirkətininin texniki əməliyyat rəhbəri Thatha Rao da çıxış ediblər.
 
Ceyhun Mollazadənin Azərbaycanın nailiyyətlərindən bəhs edən çıxışı asiyalı iş adamlarının və mütəxəssislərin diqqətini cəlb edib.
 
 
Ceyhun Mollazadə dünyada neft resursları ilə zəngin bir ölkə kimi tanınan  Azərbaycanda uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərindən bərpa və dinamik inkişaf dövrü başlandığını qeyd edib. O bildirib ki, prezident İlham Əliyevin davamlı inkişaf məntiqinə əsaslanan siyasəti nəticəsində Azərbaycan iqtisadi artım gücünə görə regionun lider dövlətinə çevrilib.
 
Ceyhun Mollazadə həmçinin qeyd edib ki, keçid dövrünü  yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorları inkişaf edib.
 
Natiq öz çıxışını ölkədə qeyri-neft sektorunda prioritet sahə elan olunduqdan sonra İKT-nin inkişafı ilə bağlı faktlarla davam etdirib.
 
O, ölkə başçısının qəbul etdiyi qərarlar sayəsində dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqindən danışıb. 2004-cü ildən başlayaraq yüksək sürətlə inkişaf etməyə başlayan internet sektorunda hazırda fiber-optik və simsiz genişzolaqlı internet xidmətlərinin geniş yayılmasına diqqət yetirildiyini bildirən C. Mollazadə ölkədə internet xidmətlərinin regionlara və xüsusilə də kommersiya baxımından cəlbedici xarakter daşımayan bölgələrə yayılması məqsədilə Azərbaycan hökümətinin böyük vəsaitlər ayırmaq qərarını yüksək qiymətləndirib.
 
Ceyhun Mollazadə öz çıxışını yaxın illər ərzində ölkəmizdə internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin təhsil, tibb və digər sahələrdə geniş yayılacağını vurğulayaraq tamamlayıb.
 
Sinqapur konfransında regionun aparıcı dövlətlərinin və 65 İKT şirkətinin təcrübələri dinlənilərək gələcək strategiya müəyyənləşdiriləcək.
 
RƏVAN
 
 




20/09/13    Çap et