Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nağdsız hesablaşmaların inkişafı məqsədilə hazırlanan qanun layihəsi müzakirə edilib
Mərkəzi Bankda ölkədə nağdsız hesablaşmaların inkişafı, bütün ödəniş xidməti təchizatçılarının fəaliyyətinin və elektron pulun emissiyasının hüquqi bazasının yaradılması, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məqsədilə hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsinin bank ictimaiyyəti ilə geniş müzakirəsi təşkil edilib.
Müzakirələr zamanı qanun layihəsinin məqsəd və predmeti, ödəniş xidməti təchizatçıları və ödəniş xidmətləri növlərinin təsnifatı, ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin qarşılıqlı hüquq və vəzifələri, ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında məlumat verilərək bu sahədə mövcud beynəlxalq təcrübə açıqlanıb. Həmçinin, qanun layihəsi üzrə bank nümayəndələrini maraqlandıran məsələlərə toxunularaq daha geniş məlumat verilib, çoxsaylı suallar cavablandırılıb.
Mərkəzi Bank tərəfindən hazırlanmış "Ödəniş xidmətləri haqqında" Qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul edən təşkilatların və pul köçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin gələcəkdə qəbul olunması ödəniş xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim olunmasını, ölkə üzrə maliyyə xidmətlərinə geniş çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcək.
SEYMUR
20/09/13 Çap et