Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti Azərbaycanın smartfon bazarının böyük hissəsini tutmağı planlaşdırır



“Ascend P6” smartfonunu bazara çıxarmaqla “Huawei” şirkəti Azərbaycanın mobil cihazlar bazarının əhatə olunması istiqamətində genişmiqyaslı fəaliyyətə başlayır. İKT İnformasiya Mərkəzindən bildirilib ki, “Huawei” şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı dünyanın ən iri mobil telefon istehsalçılarından olan “Nokia” şirkəti ilə uzun illər boyu uğurla əməkdaşlıq etmiş “Mobitel” şirkəti seçilib:
 
“Təcrübəli yerli tərəfdaş seçməklə “Huawei” şirkəti Azərbaycanda həyata keçirəcəyi fəaliyyətin ciddiliyini göstərir. “Huawei” şirkəti 100-dən çox ölkədə filialları olan dünyanın ən iri texnoloji şirkətlərindən biridir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara 1,2 milyard ABŞ dollarından çox vəsait xərcləyir. “Huawei” yüksək texnologiyalar sahəsində patentlərin sayına görə dünya liderlərindən biridir.  Son illər ərzində şirkət “Huawei” brendi altında smartfonların satış həcmini uğurla artıra bilib. Cari ilin 4-cü rübündə şirkət öz göstəricilərini ötən ilin analoji dövrü ilə müqayisədə artırmağı planlaşdırır. İDC-nin məlumatlarına görə, 2012-ci ilin oktyabr-dekabr aylarında satılmış smartfonların sayına (10,8 milyon ədəd) görə,  “Huawei” şirkəti “Apple” və “Samsung”-dan sonra üçüncü yeri tutub. Şirkətin üstünlüklərindən biri bütün istehsalat siklinin məhz şirkətin öz müəssisələrində həyata keçirilməsidir. Belə ki, şirkət komponentlərin keyfiyyətinə tam olaraq nəzarət edə bilir”.
 
 
Mərkəzdən qeyd edilib ki, Azərbaycan bazarına çıxarılan “Ascend P6” smartfonun eni cəmi 6,18 mm təşkil edir. Korpus tutqun rəngli metaldan hazırlanıb: “Azərbaycanda tövsiyə edilmiş qiymət 400-420 AZN-dir. “Ascend P6” dörd nüvəli prosessor və 4,7 düymlük ekran ilə təchiz edilib. Smartfonu hətta əlcəkdə istifadə etmək mümkündür. Əsas kamerası 8 meqapiksel olan telefon “Full HD” formatında video çəkilişi dəstəkləyir. Daxili yaddaşdan başqa “microSD” yaddaş kartlarından da istifadə etmək olar. “Ascend P6” müasir “Android 4.2.2” (Jelly Bean) əməliyyat sistemi ilə çalışır”.
 
Telefonda quraşdırılmış proqramlar dəstinə digər smartfonlara, noutbuklara və televizora kontentin ötürülməsi üçün nəzərdə tutulan “MediaQ” proqramı, həmçinin cihazda olan bütün məlumatların ehtiyat nüsxəsini yaratmağa imkan verən “Cloud+” “bulud” xidmətinə giriş üçün nəzərdə tutulmuş müvafiq proqram daxildir. “Smart Reading” funksiyası isə istifadəçinin seçdiyi istənilən söz üzrə internetdən (məsələn, “Vikipediya”dan) axtarış edib məlumat təqdim edir.
 
 
Həqiqət İSABALAYEVA




20/09/13    Çap et