Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF rəhbərliyi Azərbaycanın aparıcı banklarının nümayəndələri ilə görüş keçirib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbərliyi ölkənin 18 aparıcı bankının nümayəndələri ilə görüş keçirib.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini və fondun Müşahidə Şurasının sədri Elmir Vəlizadə çıxış edərək fondun əsas məqsədləri və fəaliyyət istiqamətləri haqda bank nümayəndələrini məlumatlandırıb.

O  bildirib ki, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq ölkənin İKT  sektorunun 4 dəfəyədək genişlənəcəyi gözlənilir  və bu məqsədə nail omaq üçün münbit şərait yaradılıb.

"İKT sektorunun inkişafına nail olmaq və biliyə əsaslanan iqtisadiyyatın formalaşdırılması məqsədilə ölkədə texnoparklar, İKT sahəsinin inkişafının dəstəklənməsi üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb, eləcə də sahə üzrə kadrların yetişdirilməsini təmin etmək məqsədilə İnformasiya Texnologiyaları Universiteti fəaliyyətə başlayıb", - deyə o bildirib.

Öz növbəsində Fondun icraçı direktoru Elçin Zeynalov Fondun fəaliyyətinə dair təqdimat ilə çıxış edib.

"Bizim əsas məqsədimiz bu sahəni inkişaf etdirərək, yerli mütəxəssis və sahibkarları stimullaşdırmaq, İKT layihələrini maliyyələşdirmək və yerli İT məhsullarını beynəlxalq bazara çıxarılacaq səviyyəyə çatdırmaqdır. Banklar da bizi bu məqsədlərə çatmaqda dəstəkləməlidirlər. Bankların aşağı faiz dərəcələri ilə kredit verməsi, gələcəyə investisiya qoyuluşu kimi qiymətləndirilməlidir. Banklar da  bizi bu məqsədlərə çatmaqda dəstəkləməlidirlər, çünki bu gün onların aşağı faiz dərəcələri ilə fondun vəsaitlərini kredit şəklində paylamaqları, gələcəyə investisiya qoyuluşu kimi qiymətləndirilə bilər, ölkənin və gənclərin gələcək inkişafını təmin edər", - deyə o qeyd edib.

Fondun rəhbəri onuda qeyd edib ki, Fond maliyyə sektorunun bu sahəyə marağını artırmaqda maraqlıdır və gələcəkdə müvəkkil kredit təşkilatları vasitəsilə innovativ İT layihələrin, o cümlədən yeni və yüksək texnologiyaların hazırlanması, innovativ məhsulların istehsalı, internet trading və internet-banking kimi internet-biznes layihələrini, yeni nəsil kommunikasiya texnologiyaların qurulması və s. bu qəbildən olan layihələri maliyyələşdirməyə hazırdır.

E. Zeynalovun sözlərinə əsasən, fond müvəkkil kredit təşkilatlarının seçimi ərəfəsindədir və İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsində maraqlı olan bütün müvəkkil kredit təşkilatlarını əməkdaşlığa dəvət edir.


Sonda bankların məsul şəxslərinin iştirakı ilə İKT layihələrinin seçilməsi və fondun vəsaitləri hesabına maliyyələşdirilməsi mövzusunda müzakirələr aparılıb, bu layihələrin səmərəliliyi və vacibliyi qeyd edilib.

 
Aynur Vəliyeva




20/09/13    Çap et