Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanla Belarus arasında birgə innovativ layihələr üzrə İşçi qrupun ikinci iclası keçirilib
AMEA Rəyasət Heyətində Belarus Respublikası Fundamental Araşdırmalar Fondunun icraçı direktoru, akademik Valentin Orloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Belarus və Azərbaycan alimlərindən ibarət İşçi qrupun bir araya gəlməsində məqsəd birgə innovativ layihələr üzrə əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmlərini və perspektiv istiqamətləri müzakirə etməkdir. AMEA-dan verilən məlumata görə, İşçi qrupun Azərbaycan üzrə rəhbəri, AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda intellektual inkişaf modelinə əsaslanan tərəqqiyə nail olmaq, eyni zamanda biliklər iqtisadiyyatını formalaşdırmaq məqsədilə elmi müəssisələrdə innovativ layihələrə xüsusi önəm verildiyini vurğulayıb.
Hazırda akademiyada ölkəmizin dinamik inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verildiyini bildirən AMEA rəhbəri maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun modernləşdirilməsi, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. Elmi infrastrukturun modernləşdirilməsi istiqamətində islahatların ardıcıl olaraq davam etdiriləcəyini vurğulayıb. İnformasiya cəmiyyətinin tələblərinə cavab verən kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd edən akademik A.Əlizadə AMEA institutlarında müvafiq ali məktəblərin baza kafedralarının yaradılması istiqamətində əməli addımların atıldığını qeyd edib.
Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm, təhsil sektorunda əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayan İşçi qrupun Belarus üzrə rəhbəri, akademik Valentin Orloviç birgə elmi əməkdaşlığın əhəmiyyətindən söhbət açıb. Ümumdünya iqtisadi reytinq cədvəllərində ilbəil irəliləyən Azərbaycanda gedən tərəqqi prosesini yüksək qiymətləndirən qonaq ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsini dəyərləndirib. Azərbaycanda prezident İlham Əliyev tərəfindən həyata keçirilən intellektual sərvətin inkişafına əsaslanan modernləşmə siyasətini dəyərləndirən alim birgə innovativ elmi layihələrin əhəmiyyətini qeyd edib.
Elmi-texniki tərəqqiyə nail olan ölkələrin təcrübəsindən bəhrələnərək əməkdaşlıq əlaqələrini inkişaf etdirməyin zəruriliyini ifadə edib. Rəhbərlik etdiyi qurumun AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq əlaqələrindən danışıb.
Qonaq akademik Əli Abbasovun rəhbərliyi altında İKT sektorunda əldə olunan nailiyyətlərin, Azərbaycanda kosmik sənayenin yaradılması və çoxməqsədli peyklərin orbitə çıxarılmasının digər üstünlüklərlə yanaşı, intellektual potensialın inkişaf etdirilməsi, elmtutumlu yeni layihələrin həyata keçirilməsində strateji əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə, həmçinin birgə innovativ layihələr üzrə İşçi qrupun nümayəndələri əməkdaşlıq perspektivlərini müzakirə edilib, rəy və təkliflər irəli sürülüb.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyevin və Belarus Respublikası Fundamental Araşdırmalar Fondunun icraçı direktoru akademik Valentin Orloviçin həmsədrliyi ilə birgə innovativ layihələr üzrə İşçi qrupun ikinci iclasına start verilib. Toplantıda ötən ilin avqust ayında Minskdə təşkil olunmuş ilk iclasda qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər, birgə əməkdaşlığın reallaşdırılmasında mövcud problemlər, onların həlli yolları təhlil edilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Araşdırmalar Fondu arasında fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də 2014-2015-ci illər üçün Belarus-Azərbaycan birgə innovativ layihələri müsabiqəsinin elan edilməsi ilə bağlı razılıq əldə olunub. İşçi qrupunun üzvləri cari ilin sonunadək həlli vacib olan bir sıra məsələləri müzakirə edərək, təsdiq ediblər.
Qeyd edək ki, tərəflər arasında ilk iclas 7-8 avqust 2012-ci ildə keçirilib. İşçi qrupun növbəti iclası isə 2014-cü ildə Minskdə keçiriləcək.
Həqiqət İSABALAYEVA
21/09/13 Çap et