Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qubada istifadəyə verilən yeni obyektlər informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib
Qubada istifadəyə verilən yeni obyektlər informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Quba TKQ-nin rəisi Nazim Əliyev məlumat verib. Onun sözlərinə görə, rayonda rabitə şəbəkəsinin ən müasir tələblərə cavab verməsi, kənd istiqamətində birləşdirici xətlərin optik kabellə əvəzlənməsi, bütün kəndlərin ən müasir elektron ATS-lərlə təmin edilməsi informasiya texnologiyalarının çatdırılması sürətini bir neçə dəfə yüksəldib.
Rayon icra hakimiyyətinin inzibati binasında müasir texnologiyaların tətbiqi ilə idarəetmə məntəqəsi də fəaliyyətə başlayıb.
Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə, eyni anda rayonun kənd və qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları var. N.Əliyev bildirib ki, Quba Soyqırım Memorial Kompleksi, Bakı Dövlət və İqtisad universitetlərinin tədris-təcrübə və istirahət mərkəzləri, Yeni Azərbaycan Partiyasının inzibati binasının birləşdirici xətləri optik kabellərlə təmin edilib.
"Qısa zaman fasiləsində qovşağın kollektivi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yeni istifadəyə verilən inzibati mərkəzlərdə yüksək sürətli internet və bütün multimedia xidmətlərinə çıxış təmin edilib.Təhsil ocaqlarının tədris-təcrübə mərkəzlərində elektron kitabxanalar da fəaliyyət göstərəcək ki, bu da burada istirahət edən tələbələrin bütün ədəbiyyatlardan elektron şəkildə istifadəsinə imkan yaradacaq. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanıb", - deyə rəis bildirib.
O həmçinin qeyd edib ki,qovşaq tərəfindən Qaladüz kəndində 128 nömrə tutumlu yeni elektron ATS istifadəyə verilib. Xətt şəbəkəsi tikildikdən sonra sakinlərin mənzilləri telefonlaşdırılacaq.
Qeyd edək ki, Quba TKQ üzrə 3500-dən çox genişzolaqlı internet abunəçisi var. Hazırda 31 kənd EATS-i mövcuddur. Yeni inkişaf planının həyata keçirilməsi ilə kənd EATS-lərinin sayı 90-a çatacaq ki, bu da vətəndaşların tam şəkildə İKT-yə çıxış imkanlarının təmin olunması deməkdir.
RƏVAN
24/09/13 Çap et